Azərbaycana gələn iranlı turistlərin sayı dəqiqləşdirilir

Azərbaycana gələn iranlı turistlərin sayı dəqiqləşdirilir Rusiyadan gələn turistlərin sayında da artım olub
Sosial müdafiə
30 Mart , 2016 15:25
Azərbaycana gələn iranlı turistlərin sayı dəqiqləşdirilir

Bakı. 30 mart. REPORT.AZ/ "Novruz bayramı ərəfəsində Azərbaycana gələn iranlı turistlərlə bağlı bizdə dəqiq statistika yoxdur. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə sorğu göndərilib və yaxın günlərdə cavab veriləcək". "Report"un xəbərinə görə, bunu mədəniyyət və turizm nazirinin müavininin müavini Nazim Səmədov jurnalistlərə açıqlamasında deyib.

"Söhbət ölkəyə on minlərlə turistin gəlməsindən gedir", - deyə o qeyd edib.

Nazir müavini onu da xatırladıb ki, belə ajiotaj 2011-ci ildə də qeydə alınmışdı: "Bu il də həmin göstərici qeydə alındı. Burada da təbii ki, müxtəlif faktorlar rol oynayıb. Ölkədə baş verən ikinci devalvasiyadan sonra dollar müqabilində biz daha cəlbedici və rəqabətə dözümlüyük. Bu məsələdə viza verilməsi prosedurunun sadələşdirilməsi də böyük rol oynayıb. Xüsusilə İrandan gələn turistlər üçün dil baryeri məsələsi də yoxdur. Onlar sərbəst Azərbaycan dilində danışdığından heç bir problem olmur. Qonşu ölkələrlə İranı müqayisə etdikdə bu, əsas faktorlardan biridir. Ona görə də bu faktorlar səbəbindən ölkəyə bu il daha çox turist gəlməyə başlayıb".

N.Səmədov qeyd edib ki, bu il həmçinin Rusiyadan gələn turistlərin sayında da artım olub.

"Əvvəllər müxtəlif ölkələrdən biznes məqsədilə Azərbaycana gələn var idisə, indi sırf səyahət xarakterli səfərlər çoxluq təşkil edir. Bu gün üçün Rusiyadan gələnlərin sayında da artım müşahidə olunur. Əgər ötən ilin statistikasına nəzər salsaq, təxminən 30-40 faiz artım qeydə alınıb. Hər ayın sonu üçün aldığımız statistikaya baxdıqda isə görürük ki, həm say, həm də turizm sənayesindən əldə olunan məlumatlar ölkəmizə turizm marağının geniş olduğunu sübut edir. Biz onlar üçün artıq bahalı istiqamət deyilik. Burda da təbii ki, subyektiv səbəblər var. Çünki bu gün dünyada hansı proseslərin cərəyan etdiyini hər kəs bilir. Misal olaraq, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi, eyni zamanda, Avropada təhlükəsizlik problemləri buna əyani sübutdur. Ona görə də çalışırıq ki, bu məsələdə əlimizə düşən fürsəti lazımınca istifadə edə bilək. Çalışmalıyıq ki, ölkəyə turist axını davamlı olsun", - deyə nazir müavini əlavə edib. 

Son xəbərlər

Orphus sistemi