Azərbaycanla Tacikistan əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq sazişi imzalayıb

Azərbaycanla Tacikistan əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq sazişi imzalayıb Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti Tacikistanda səfərdədir
Sosial müdafiə
20 İyun , 2016 14:48
Azərbaycanla Tacikistan əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq sazişi imzalayıb

Bakı. 20 iyun. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti Tacikistanda səfərdədir.

Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, səfər əmək bazarının tənzimlənməsi, aktiv əmək bazarı siyasəti, insan resurslarının planlaşdırılması və inkişafı, əməyin mühafizəsi, əlilliyi olan şəxslərin peşə reabilitasiyası və digər sahələrdə Azərbaycanda əldə olunmuş təcrübənin öyrənilməsi, müsbət təcrübə üzrə qarşılıqlı məlumat mübadilələrinin aparılması, ikitərəfli əlaqələrin inkişafı ilə bağlı Tacikistanın Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyinin müraciətinə əsasən həyata keçirilir.

Azərbaycan nümayəndə heyəti ilə görüşdə Tacikistanın əmək, miqrasiya və məşğulluq naziri xanım Sumanqul Taqoyzoda ölkəsinin Azərbaycanla bütün sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində də əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. O, bu görüşün iki ölkənin əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacağını bildirib.

S.Müslümov bildirib ki, yeni qlobal çağırışlara uyğun olaraq, ölkədə yeni postenerji dövrü üçün qeyri-neft sektoru üzərində davamlı iqtisadi inkişafın təmin olunmasına yönələn islahatlar, eyni zamanda sosial rifah amilinə, əhalinin gəlirlərindəki sabit artım tempinin qorunub saxlanmasına yönəlib: “Təsadüfi deyil ki, son vaxtlarda milli iqtisadiyyata artan mənfi xarici iqtisadi təsirlərə rəğmən, cari ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 7,8 faiz artıb. Əhalinin gəlirlərində isə bu ilin yanvar-may aylarında 8,3 faiz artım qeydə alınıb”.

S.Müslümov son illərdə əmək münasibətlərinin elektron qeydiyyatı, habelə sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin elektron texnologiyalar üzərində qurulması, bu sahələrdə xidmətlərin şəffaflaşdırılması yönündə aparılan islahatlar barədə də məlumat verib.

Tacikistanla müvafiq iş sahələrində təcrübə mübadilələrinin aparılması üçün lazımi işlərin görüləcəyini qeyd edən S.Müslümov bununla bağlı ikitərəfli əməkdaşlığın genişləndirilməsinin məqsədəuyğun olduğunu qeyd edib.

S.Taqoyzoda Azərbaycanda əmək və əhalinin məşğulluğu, o cümlədən gənclərin, əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi yönündə görülən işlərin, eləcə də əmək və sosial müdafiə sisteminin müasir innovativ yanaşmalar əsasında qurulması üçün aparılan islahatların onlarda böyük maraq doğurduğunu bildirib. O, Azərbaycanın bu sahələrdə təcrübənin öyrənilməsinə, habelə ikitərəfli təcrübə və məlumat mübadilələrinin reallaşdırılmasına xüsusi diqqət yetirəcəklərini vurğulayıb.

Hər iki nazirliyin nümayəndə heyətləri gələcək əməkdaşlıq istiqamətlərini, bu istiqamətlərdə görüləcək işləri müzakirə ediblər. Görüşün yekunu olaraq S.Müslümov və S.Taqoyzoda tərəfindən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikası Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Sazişdə tərəflər arasında əmək bazarının tənzimlənməsi və əhalinin məşğulluğu probleminin həlli, əhalinin müxtəlif qruplarının məşğulluğu da daxil olmaqla insan resurslarının planlaşdırılması və inkişafı, əmək bazarının məlumat sistemləri, aktiv əmək bazarı siyasəti, əməyin mühafizəsi sahələrində əməkdaşlığın həyata keçirilməsi əksini tapıb. Sənəddə əlilliyi olan şəxslərin peşə reabilitasiyası və işlə təmin edilməsi, işsiz vətəndaşların peşə hazırlığı və yenidən hazırlığı sisteminin inkişafı, beynəlxalq təşkilatların, maraqlı dövlət orqanlarının iştirakı ilə əmək və əhalinin məşğulluğu sahəsində birgə layihələrin hazırlanması və icrası, digər əməkdaşlıq istiqamətləri də əhatə olunub.

Əməkdaşlıq formaları kimi sazişdə tərəflər arasında müvafiq qanunvericilik, normativ sənədlərin və analitik-informasiya materiallarının mübadiləsi, kadrların texniki-peşə hazırlığı və yenidən hazırlığı sahəsində təcrübə mübadiləsi, ekspertlər arasında məsləhətləşmələrin aparılması, hər iki dövlətin ərazisində keçirilən beynəlxalq tədbirlərdə ekspert və mütəxəssislərin qarşılıqlı iştirakı, tərəflərin mütəxəssislərinin ixtisaslarının artırılması və təcrübə mübadiləsi məqsədilə ixtisasartırma, həmçinin təlim səfərlərinin təşkili və s. əksini tapıb. Sazişdə yer alan müddəaların icrası məqsədilə tərəflərin birgə İşçi Qrupu yaratmaları da nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi