Azərbaycan və ABŞ hökumətlərinin dəstəklədiyi SEDA proqramı uğurla icra edilir

Azərbaycan və ABŞ hökumətlərinin dəstəklədiyi SEDA proqramı uğurla icra edilir Uşaqlar üçün təlim-tədris mühitinin yaxşılaşdırılması sahəsində bir neçə layihə başa çatdırılıb
Sosial müdafiə
3 Fevral , 2016 21:35
Azərbaycan və ABŞ hökumətlərinin dəstəklədiyi SEDA proqramı uğurla icra edilir

Bakı. 3 fevral. REPORT.AZ/ Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram ölkə boyu müxtəlif kəndlərdə həyat səviyyəsini yaxşılaşdırmaq üçün icmaları və yerli hökumət orqanlarını bir araya gətirməyə davam edir. Bu yaxınlarda, Sabirabad və İmişli rayonlarının, habelə Şirvan şəhərinin kəndləri uşaqlar üçün təlim-tədris mühitinin yaxşılaşdırılması və yolların təmiri sahəsində bir neçə layihə başa çatdırıblar. Bu layihələr ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşib.

Sabirabad rayonunun Çölbeşdəli kəndinin uşaqları uzun müddət yerli bağcada təhlükəli şəraitdən, eyni zamanda istilik sisteminin olmamasından və antisanitar kanalizasiya sistemindən əziyyət çəkiblər. SEDA proqramı yerli icmanı səfərbər edərək yeni dam örtüyü, döşəmə və pəncərələr quraşdırmaqla, çöl divarları təmir etməklə, təmiz su ilə təmin etməklə, habelə istilik sistemini qurmaqla bağcanın tamamilə təmir edilməsinə köməklik edib. Bununla da, proqram 40 uşağı təhlükəsiz təlim-tədris mühiti ilə təmin edib.

İmişli rayonunun Muradəlili kəndində və Şirvan şəhərinin Neftçilər və Birlik icmalarında pis yol şəraiti gündəlik nəqliyyata və gediş-gəlişə mane olaraq iş və məktəbə davamiyyətə, habelə kənd təsərrüfatı mallarının daşınmasına təsir göstərirdi. SEDA proqramı üç icmada ümumilikdə 2000 metrədək yolun təmir edilməsinə dəstək göstərərək 3300-dən çox sakinin yaşayış səviyyəsini yaxşılaşdırmağa kömək edib.

Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən İqtisadiyyat Nazirliyi və Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi SEDA proqramı icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin birgə iştirakını təşviq edir. Bugünə kimi, proqram Azərbaycanın 58 icmasında 52 layihənin maliyyələşdirilməsinə 1,000,000 ABŞ dollarından artıq vəsait xərcləyib.

Son xəbərlər

Orphus sistemi