Azərbaycan ƏƏSMN-lə BP arasında əmək sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan ƏƏSMN-lə BP arasında əmək sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub Nazir: "Əməkdaşlığa dair müvafiq Tədbirlər Planının hazırlanması diqqətdə saxlanılır"
Sosial müdafiə
19 Dekabr , 2014 12:55
Azərbaycan ƏƏSMN-lə BP arasında əmək sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell ilə görüş olub. Bu barədə “Report”a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, bu ilin 11 ayı ərzində ölkə iqtisadiyyatında artım 2,2 faiz təşkil edib və son illərin müsbət tendensiyasının uğurlu davamı olaraq qeyri-neft sektorunda 6,5 faiz artım özünü göstərib: “Eyni zamanda, əhalinin gəlirləri 4,7 faiz çoxalmaqla, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,9 faiz üstələyib”.

S.Müslümov əmək və məşğulluq məsələlərinin həllində işəgötürənlərlə birgə fəaliyyətin qurulmasına, həmçinin Azərbaycan iqtisadiyyatında mühüm rola malik BP şirkəti ilə əməkdaşlığa xüsusi önəm verildiyini diqqətə çatdırıb: “Böyük işçi qüvvəsini özündə birləşdirən bu şirkətlə əməkdaşlığımız da işçilərin əmək hüquqlarının təminatı, əməyin mühafizəsi, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi, onların məşğulluğunun təminatı, əmək miqrasiyası, peşə və kvalifikasiya standartlarının hazırlanması və s. məsələləri əhatə edir. Xüsusən də milli qanunvericiliyin tələblərinə uyğun olaraq, işçi qüvvəsinə, həmçinin əcnəbi işçi qüvvəsinə olan tələb və təklif üzrə operativ məlumat mübadiləsinin aparılması, sosial cəhətdən həssas qruplar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota üzrə iş yerlərinin ayrılması, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığının təşkili, ixtisaslarının artırılması hazırda əməkdaşlığımız üçün aktual məsələlərdəndir. Bu sahələri də əhatə edəcək əməkdaşlığa dair müvafiq Tədbirlər Planının hazırlanması diqqətdə saxlanılır”.

BP şirkətinin Azərbaycanın neft-qaz sektorunun mütəxəssis potensialının artırılması yönündə tədbirlərini qeyd edən Q.Birrell şirkətin işçilərin əmək potensialının keyfiyyətcə yüksəldilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması sahəsində gördüyü işlərdən bəhs edib. O, bp şirkətində xüsusən gənclər üçün təlim və karyera imkanlarının yaradıldığını bildirib, şirkətin ƏƏSMN ilə qeyd olunan sahələrdə səmərəli əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Görüşdə işçi qüvvəsinə tələb və təklif üzrə operativ məlumat mübadiləsinin təşkili, yerli mütəxəssislərin şirkətin layihələri üzrə işlərə cəlb olunması və onların peşəkarlığının artırılması, kvota üzrə iş yerlərinin müəyyən olunması, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və s. sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Son xəbərlər

Orphus sistemi