"ASAN xidmət" dünyanın ən nüfuzlu mükafatına layiq görülüb

"ASAN xidmət" dünyanın ən nüfuzlu mükafatına layiq görülüb Mükafat Kolumbiyanın Medellin şəhərində keçiriləcək beynəlxalq forum çərçivəsində təqdim olunacaq
Sosial müdafiə
12 May , 2015 20:21
ASAN xidmət dünyanın ən nüfuzlu mükafatına layiq görülüb

Bakı. 12 may. REPORT.AZ/ "ASAN xidmət" BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülüb. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən "Report"a verilən məlumata görə, mükafat uğrunda seçim prosesi 2014-cü ilin oktyabr ayından 2015-ci ilin may ayına qədər davam edib. Bu prosesə dünyanın bütün ölkələrindən dövlət xidmətlərinin göstərilməsi sahəsində yüzlərlə təşəbbüs və layihələr qatılıb.

"ASAN xidmət" seçim prosesinin bütün mərhələlərindən uğurla keçib və BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin illik sessiyasında qalib seçilib. "ASAN xidmət" "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında birinci yerə layiq görülüb.

Xatırladaq ki, 2003-cü ildə təsis edilən BMT-nin Dövlət Xidmətləri Mükafatı dövlət xidmətləri sahəsində ən nüfuzlu beynəlxalq mükafatdır. İllik əsasda təqdim edilən mükafat qalib təşkilatlarda mükəmməlliyin, peşəkarlığın, idarəetmənin və vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təmin edilməsinin beynəlxalq tanınmasıdır.

BMT-nin Dövlət Xidmətləri Mükafatının məqsədi dövlət idarəçiliyi sahəsində dünya ölkələrində mövcud olan ən qabaqcıl innovativ təcrübələri təltif etmək və bu kimi ən uğurlu təcrübələrin digər dövlətlər tərəfindən tətbiqini təşviq etməkdir. Mükafat ənənəvi olaraq BMT-nin Dövlət Xidmətləri Günü kimi qeyd edilən 23 iyun tarixində xüsusi təşkil olunan təltifetmə mərasimində qaliblərə verilir. Builki mərasim 23-26 iyun tarixində Kolumbiyanın Medellin şəhərində keçiriləcək beynəlxalq forum çərçivəsində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi