Bu il 3 500-ə yaxın halda əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb

Bu il 3 500-ə yaxın halda əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb "Əmək qanunvericiliyinin pozulması halları əsasən özəl sektora aid müəssisələrdə baş verir"
Sosial müdafiə
6 Aprel , 2015 10:44
Bu il 3 500-ə yaxın halda əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb

Bakı. 6 aprel. REPORT.AZ/ Cari ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı ayrı-ayrı müəssisələrdə 3 327 hüquq pozuntusu aşkar edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Təhlillər nəticəsində əmək qanunvericiliyinin pozulması hallarının əsasən özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında baş verdiyi müəyyən edilib. Onların böyük əksəriyyətinin işəgötürənlər tərəfindən aradan qaldırılması təmin olunub, habelə ayrı-ayrı pozuntuların aradan qaldırılması müəyyən vaxt tələb etdiyi üçün onların ləğvi ilə bağlı işəgötürənlərə icrası qanunla məcburi olan göstərişlər verilib. Qeyd olunan dövrdə aşkar olunan hüquq pozuntuları ilə əlaqədar aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən tətbiq olunan cərimələrin 50,07 faizi (414 697 manat) dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 901 manat və ya 10,05 faiz çoxdur.

DƏMX işçi vətəndaşların əmək hüquqlarının təmin olunması istiqamətində nəzarət tədbirləri həyata keçirməklə yanaşı, əmək qanunvericiliyinin tətbiqi ilə əlaqədar işəgötürənlərə mütəmadi olaraq lazımi metodiki köməkliklərin göstərilməsini, müvafiq mövzuda məlumatlandırma işlərinin aparılmasını da təmin edib.

Son xəbərlər

Orphus sistemi