20 Yanvar faciəsi ​SOCAR-ın idarə və müəssisələrində də anılıb

20 Yanvar faciəsi ​SOCAR-ın idarə və müəssisələrində də anılıb Həmin qanlı yanvar gecəsində Heydər Əliyev adına BDÖZ-ün işçisi Azad Rzayev şəhidlik zirvəsinə yüksəlib
Sosial müdafiə
19 Yanvar , 2015 18:47
20 Yanvar faciəsi ​SOCAR-ın idarə və müəssisələrində də anılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan xalqının azadlıq mübarizəsinin təcəssümü olan 20 Yanvar Ümumxalq Hüzn Gününün 25-ci ildönümü ilə əlaqədar SOCAR-ın idarə və müəssisələrində də silsilə tədbirlər keçirilib.

SOCAR-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 19-da "Azərikimya" İstehsalat Birliyinin akt zalında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları idarənin foyesində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərgiyə baxıb, şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Anım mərasimində "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi öz torpaqlarının müdafiəsinə qalxmış, milli ayrı-seçkiliyə və ədalətsizliyə qarşı haqq səsini ucaltmış, bunun müqabilində amansız düşmənlə üz-üzə qalmış dinc insanların mərdlik, rəşadət, qürur və qəhrəmanlıq tarixidir. Natiq Azərbaycanın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş soydaşlarımızın xatirəsinin xalqımızın qəlbində daim yaşayacağına əminliyini ifadə ediB. Anım tədbirində 20 Yanvar faciəsi ilə bağlı sənədli filmlərdən fraqmentlər nümayiş olunUB, 33 saylı tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik ruhlu ədəbi-bədii kompozisiya təqdim edilib.

''Qaz İxrac'' İdarəsində 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı anım mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. İdarənin rəisi Qağaməli Seyfullayev qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının nəhəng hərb maşını müstəqillik uğrunda aparılan milli azadlıq mübarizəsini boğmaq üçün Bakıya yeridilib. XX əsrdə insanlığa qarşı törədilmiş zorakılıq və işgəncələrin ən dəhşətlilərindən biri kimi hər birimizin yaddaşına həkk olunan həmin hərbi təcavüz nəticəsində yüzlərlə vətəndaşımız şəhidlik zirvəsinə yüksəlib. Qeyd olunub ki, 20 Yanvar faciəsindən dərhal sonra ümummilli lider Heydər Əliyev həyatını təhlükədə qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, Bakıda baş verənlərlə bağlı həqiqəti bütün dünyaya çatdıraraq, bu cinayətin birbaşa təşkilatçısı olan SSRİ rəhbərliyini ittiham edib. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilib, onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində addımlar atılıb, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülüb.

Qaz Emalı Zavodunda da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib. Tədbirdə şəhidlərin xatirə guşəsinin önünə əklillər, tər güllər qoyulub, onların ruhlarına dualar oxunub. Tədbir iştirakçıları yekdilliklə bildiriblər ki, Azərbaycanın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş vətənimizin iğid oğullarının xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

20 Yanvar şəhidləri Ekologiya İdarəsində keçirilmiş tədbirdə də anılıb. Şəhidlərimizn əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra İdarənin rəisi Azər Əliyev Ermənistanın təcavüzkar siyasəti, Azərbaycana qarşı yönəlmiş hərbi-siyasi irticası haqqında məlumat verib. Tarix boyu Azərbaycan xalqının öz ərazi bütövlüyünü qorumaq üçün qəhrəmanlıqla mübarizə apardığını bildirən A.Əliyev 25 il bundan əvvəl baş verən hadisələri ümummilli lider Heydər Əliyevin qətiyyətlə pislədiyini və 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qanlı yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət xüsusilə diqqətə çatdırıb.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda keçirilmiş mərasimdə əmək kollektivinin nümayəndələri müəssisənin qarşısında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər qoyublar. Zavodun direktoru Ayaz Qarayev qeyd edib ki, Azərbaycan xalqı 20 yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı, müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirib. Tədbirdə o da vurğulanıb ki, faciə zamanı canını qurban vermiş Vətən övladları sırasında Heydər Əliyev adına BDÖZ-ün işçisi Azad Rzayev də şəhidlik zirvəsinə yüksəlib, zavodun əməkdaşı olmuş Gülmirzə Ağayev isə həmin qanlı yanvar gecəsində yaralanaraq 20 yanvar əlili statusu alıb. Ümumilikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə zavodun əməkdaşlarından 7 nəfər əlil, 8 nəfər şəhid olub.

Son xəbərlər

Orphus sistemi