1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib

1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib Tədbirdə "Qayğı" Uşaq Reabilitasiya Mərkəzi və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin uşaqları çıxış edib
Sosial müdafiə
1 İyun , 2015 16:50
1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Gənclər Birliyi, "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyi, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirib. 

"Report"un xəbərinə görə, tədbirdə YAP Nizami rayon təşkilatının Gənclər Birliyi və "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayeva, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyətinin şöbə müdiri Əli Axundov və başqaları iştirak edib. Sevinc Abdullayeva çıxış edərək tədbirdə iştirak edən uşaqları 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik edib : "Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Bu səbəbdən də uşaqlara daimi xüsusi qayğı və diqqət göstərilməlidir. Uşaqları Beynəlxalq Müdafiə Günü ölkəmizdə hər il təntənəli şəkildə qeyd olunur. Düşünürəm ki, hər bir azərbaycanlı əlindən gəldiyi qədər azyaşlılardan öz sevgisini, mərhəmətini, köməyini əsirgəməməlidir".

Tədbirdə "Qayğı" Uşaq Reabilitasiya Mərkəzi və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin uşaqları çıxış edib. Həmçinin uşaqlar üçün konsert proqramı keçirilib, müxtəlif oyunlara, şən klounların iştirakına yer verilib. Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilib. İctimai Birliyə "Qayğı" Uşaq Reabilitasiya Mərkəzi və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi daxildir. Bakının Nizami rayonunda yerləşən reabilitasiya mərkəzi uşaq serebral iflicindən əziyyət çəkən 3-7 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Mərkəzdə təlim-tərbiyə işləri ilə yanaşı, reabilitasiya tədbirləri də həyata keçirilir. Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində isə uşaqlar və yeniyetmələrlə reabilitasiya işi aparılır, ünsiyyət, özünəxidmət və sadə əmək vərdişləri formalaşdırılır, onların cəmiyyətə inteqrasiyası təmin edilir. Birliyin əsas məqsədi Azərbaycanda əlil və sağlamlıq imkanları məhdud olan uşaqların tibbi müalicəsini təşkil etməkdən, onların reabilitasiyasından, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün başqa vətəndaşlarla bərabər imkanlar almasından və bunlarla bağlı müvafiq işlərin həyata keçirilməsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi