“SOCAR Polymer” layihəsinə indiyə qədər 325 mln. dollar xərclənib

“SOCAR Polymer” layihəsinə indiyə qədər 325 mln. dollar xərclənib Polipropilen zavodunun sınaq işlərinin aparılması gələn ilin noyabrına planlaşdırılır
Sənaye
28 Sentyabr , 2016 11:43
“SOCAR Polymer” layihəsinə indiyə qədər 325 mln. dollar xərclənib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçirilən ümumi investisiya dəyəri 750 mln. dollar olan “SOCAR Polymer” layihəsinə bugünə qədər 325 mln. dollar investisiya yatırılıb.

“Report” xəbər verir ki, bunu “SOCAR Polymer” MMC-nin direktoru Fərid Cəfərov Prezident İlham Əliyevin sentyabrın 27-də Sumqayıt şəhərinə səfəri çərçivəsində keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, bu məbləğin 197 mln. dollarını kredit, 128 mln. dollarını isə səhmdar kapitaldan ayırmalar təşkil edib: “Bu günə qədər “SOCAR Polymer” layihəsinin icrası qrafikə uyğun və təsdiq olunmuş büdcə çərçivəsində həyata keçirilir. Xüsusi olaraq vurğulamaq istərdik ki, bu layihə Azərbaycanın dövlət və özəl sektorlarının uğurlu əməkdaşlığı əsasında icra olunur və özəl sektorun investisiyaları ölkənin uzunmüddətli sənaye layihəsinə yatırılır. Layihəyə cəlb olunmuş yerli səhmdarlarla işbirliyi güclü müsbət təsir göstərir,” - deyə F.Cəfərov vurğulayıb.

“SOCAR Polymer” MMC-nin direktoru qeyd edib ki, polipropilen (PP) zavodunun sınaq işlərinin aparılması gələn ilin noyabrına və istismara verilməsi isə 2018-ci ilin fevralına planlaşdırılır, Yüksək Sıxlıqlı Polietilen (YSPE) zavodunun istismara verilməsi isə 2018-ci ilin avqustuna nəzərdə tutulur: “Bu zavodların ümumi istehsal gücü ildə 300 min ton təşkil edəcək.Layihənin xammalla vaxtında təmin edilməsi çox əhəmiyyətlidir. Hazırda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda və “Azərikimya” İstehsalat Birliyində görülən modernləşmə işləri nəticəsində “SOCAR Polymer” xammal ilə təmin ediləcək. Bunun sayəsində ölkədə neft-kimya məhsullarının istehsalı təqribən üç dəfə artacaq”.

O bildirib ki, zavodların istehsalı əsasən ixracyönümlü olacaq və müəssisənin fəaliyyəti nəticəsində ölkəyə ildə təqribən 400 mln. dollar həcmində valyuta axını təmin olunacaq.

F.Cəfərov həmçinin qeyd edib ki, layihə çərçivəsində ən yüksək təhlükəsizlik və sağlamlıq standartları tətbiq olunur: “Sentyabrın 15-də layihə çərçivəsində istehsalat qəzası baş vermədən bir milyon adam-saatını qeyd etdik. Bununla yanaşı, şirkətimiz kollektiv üzvlərinin peşəkar potensialının inkişaf etdirilməsinə böyük əhəmiyyət verir.Bu günə qədər şirkətin işçiləri 3500 saatdan çox müxtəlif beynəlxalq təlimlərdə iştirak ediblər. Gələcək operator və texniklərin 50 faizindən çoxu artıq indidən işə götürülüb və hazırda təlimlərini SOCAR-ın Sumqayıtda və Qobustanda yerləşən təlim mərkəzlərində keçirlər.

Əlavə olaraq, istedadlı gənclərin layihəyə cəlb edilməsinə və onların inkişafına böyük əhəmiyyət veririk. Bu yay “SOCAR Polymer” 13 nəfərlik yay təcrübə proqramını həyata keçirib. Proqram Azərbaycanda və xaricdə təhsil alan tələbələr arasında geniş marağa səbəb olub və nəticədə ayrılmış hər bir yerə 24 namizəd sənəd verib. Təcrübə proqramını keçmiş tələbələrin böyük hissəsinin gələcəkdə işə və gözlənilən layihələrə cəlb olunması nəzərdə tutulur”.

F. Cəfərov hazırda ümumi olaraq layihədə mindən çox insanın çalışdığını gələn ilin ikinci rübündə bu rəqəmin 2500-ə çatmasının gözlənildiyini qeyd edib. Onun sözlərinə görə, “SOCAR Polymer” şirkətinin hazırda 198 əməkdaşı var. MMC-nin direktoru layihə istismara verildikdən sonra bu müəssisədə 400 daimi iş yerinin yaradılmasının gözlənildiyini əlavə edib.

“Layihənin icrası ölkə iqtisadiyyatına güclü multiplikativ təsir göstərəcək, eyni zamanda, polimer qranullarının istehsalı çox sayda kiçik və orta miqyaslı istehsalat müəssisəsinin yaradılmasına imkan verəcək. Bu müəssisələr Sumqayıt Kimya Sənaye Parkında yaradılmış əlverişli investisiya mühitindən və müasir infrastrukturdan istifadə edəcək.

Artıq indidən bizə polimer qranulları əsasında müxtəlif növ plastik məhsulların istehsalçılarından çox sayda müraciətlər gəlir. Bir daha qeyd etmək istərdik ki, bu müəssisələrin açılması böyük həcmdə yeni iş yerlərinin yaradılmasına səbəb olacaq. Belə ki, “SOCAR Polymer”də qranul istehsalı zamanı hər bir nəfərin cəlb olunması plastik istehsal müəssisələrində 25 nəfərin cəlb edilməsinə səbəb olacaq”, - deyə “SOCAR Polymer”in direktoru qeyd edib.

Son xəbərlər

Orphus sistemi