Sahibkarlıq sahəsində hansı hallarda yoxlamalar aparıla bilər? - SİYAHI

Sahibkarlıq sahəsində hansı hallarda yoxlamalar aparıla bilər? - SİYAHI Prezident İlham Əliyev siyahını təsdiqləyib
Sənaye
26 Oktyabr , 2015 19:57
Sahibkarlıq sahəsində hansı hallarda yoxlamalar aparıla bilər? - SİYAHI

Bakı. 26 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısını təsdiqləyib.

"Report"un məlumatına görə, fərmanla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində siyahısı aşağıda göstərilən yoxlamalar aparıla bilər:

dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsinin və sanitar-gigiyenik qaydalara riayət edilməsinin Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması;

fitosanitar tələblərə, qaydalara uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması;

təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması;

sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətinin Maliyyə Nazirliyi tərəfindən yoxlanılması;

kredit təşkilatlarının, habelə onların törəmə təsərrüfat cəmiyyətlərinin Mərkəzi Bankı tərəfindən yoxlanılması;

radioaktiv, partlayıcı və digər xüsusi təhlükəli maddələrin və ya avadanlıqların saxlanılması və dövriyyəsi, dağ-mədən işlərinin, hidrotexniki qurğularda, neft və qazçıxarma sənaye obyektlərində və xüsusi təhlükəli digər sahələrdə işlərin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasının, aparılan işlərin və istismarda olan obyektlərin tikinti, texniki və yanğın təhlükəsizliyi normalarına uyğunluğunun Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılması.

Bu Siyahıda nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti dövlət orqanının əsaslandırılmış müraciəti əsasında İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır. Bu halda İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin nazirliyin əməkdaşının iştirakı ilə aparılır.

Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunu imzalayıb. 

Maddə 1. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması

Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 (iki) il müddətinə dayandırılır.

Maddə 2. Qanunun tətbiq dairəsi

2.1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.

2.2. Bu Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir.

2.3. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 3. Qanunun tələbləri pozulmaqla aparılan yoxlamaların nəticələri

3.1. Bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

3.2. Sahibkar bu Qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, habelə inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Maddə 4. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi