​Prezident: "Biz özümüzü əsas ərzaq məhsulları ilə demək olar ki, 100 faiz təmin edirik"

​Prezident: "Biz özümüzü əsas ərzaq məhsulları ilə demək olar ki, 100 faiz təmin edirik" "Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı çox böyük işlər görülüb"
Sənaye
9 Noyabr , 2015 22:51
​Prezident: Biz özümüzü əsas ərzaq məhsulları ilə demək olar ki, 100 faiz təmin edirik

Bakı. 9 noyabr. REPORT.AZ/ "Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı çox böyük işlər görülüb. Biz özümüzü bütün əsas ərzaq məhsulları ilə demək olar ki, ya 100 faiz, ya 90 faiz təmin edirik. Bu proses davam etdiriləcək".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunan ümumi yığıncaqda çıxış edən prezident İlham Əliyev deyib.

O bildirib ki, son illər ərzində taxılçılıqda 20-yə yaxın iri fermer təsərrüfatı yaradılıb:

"Bu təsərrüfatlarda bir hektarda məhsuldarlıq 55-60 sentnerdir. Yəni, ümumi məhsuldarlıqdan iki dəfə çoxdur. Nəyə görə? Çünki orada elmi yanaşma, müasir texnologiyalar tətbiq olunur, onlardan istifadə edilir. Bu nəticələrin qazanılmasında alimlərin çox böyük zəhməti var. Nəzərə alsaq ki, əhalimizin təxminən 50 faizi aqrar bölgələrdə yaşayırlar, gələcəkdə kənd təsərrüfatının inkişafı həm iqtisadi, həm sosial məsələ kimi daim gündəlikdə olacaq".

Prezidentin sözlərinə görə, təsadüfi deyil ki, bu il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilib.

"Bu ilin 9 ayında kənd təsərrüfatı təxminən 7 faiz artıb. Bu da çox böyük göstəricidir. İndi Azərbaycan dövləti suvarma, meliorasiya işlərinə böyük sərmayə qoyur. İki böyük su anbarı - Taxtakörpü və Şəmkirçay su anbarları tikilib. Bu, tarixi nailiyyətdir. İndi suvarılan torpaqların sahəsi böyük dərəcədə artır və artacaq. Yeni suvarılan və suvarılması yaxşılaşdırılan torpaq sahələri 100 min hektarla ölçüləcək. Burada mütləq elmi yanaşma olmalıdır. Biz burada xaotik vəziyyətə imkan verə bilmərik. İşlər planlı şəkildə görülməlidir ki, hansı sahələrdə hansı məhsullar yetişdirilsin. O məhsulların yetişdirilməsi üçün dövlət hansı işləri görməlidir? Burada alimlərin sözü əsas olmalıdır. Müvafiq qurumlara - həm İqtisadiyyat və Sənaye Nazirliyinə, həm də Kənd Təsərrüfatı Nazirliyinə tapşırılmışdır ki, görüləcək bütün işlər elmi əsaslar üzərində qurulmalıdır. Xahiş edirəm, Azərbaycan alimləri də, Milli Elmlər Akademiyası da bu işlərə çox fəal qoşulsunlar", - deyə prezident bildirib.

O qeyd edib ki, "biz ixrac potensialımızı böyük dərəcədə artıra bilərik. Yəni, biz dünya bazarlarına daha böyük həcmdə kənd təsərrüfatı məhsulları ilə çıxa bilərik. Beləliklə, fermerlərin həyat səviyyəsini böyük dərəcədə yaxşılaşdıra bilərik. Bizim gələcək inkişafımızı sənaye və kənd təsərrüfatı sahələri müəyyən edəcək. Ona görə dövlət siyasəti birmənalıdır. Dövlət qurumlarına göstərişlər verilib. Alimlərdən xahiş edirəm ki, bu məsələ ilə çox ciddi məşğul olsunlar".

Son xəbərlər

Orphus sistemi