​Neftçala Sənaye Məhəlləsində görüləcək işlərə dair təqdimat keçirilib

​Neftçala Sənaye Məhəlləsində görüləcək işlərə dair təqdimat keçirilib Dövlət Proqramında qeyri-neft sənayesinin ixrac potensialının artırılması kimi bir sıra məqsədlər irəli sürülüb
Sənaye
27 Fevral , 2015 19:38
​Neftçala Sənaye Məhəlləsində görüləcək işlərə dair təqdimat keçirilib

Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Neftçalada “Azərbaycan Respublikasında sənayenin inkişafı: nailiyyətlər, perspektivlər” mövzusunda tədbir keçirilib.

“Report” nazirliyə istinadən bildirib ki, tədbirdə aidiyyəti dövlət orqanlarının, müəssisə və təşkilatların, sənaye sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın son illər qazandığı sosial-iqtisadi uğurlardan danışan iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov qeyri-neft sənayesinin inkişaf etdiyini, onun ixrac imkanlarının genişləndiyini diqqətə çatdırıb. Bildirib ki, müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması hazırda qarşıda duran əsas prioritetlərdəndir.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf Neftçala Sənaye Məhəlləsində tikiləcək infrastruktur obyektləri, sahibkarlara təklif ediləcək xidmətlər və sənaye məhəlləsinin profili üzrə yaradılacaq istehsal, emal və xidmət sahələri barədə məlumat verib.

Nazirliyin Sənaye şöbəsinin müdiri Səməd Bəşirli qeyd edib ki, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası qarşıdakı illərdə sənayenin inkişaf istiqamətlərini müəyyənləşdirməklə, bu sahədə qarşıya qoyulmuş məqsədlərə nail olunmasına yönəlib.

Dövlət Proqramında sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması kimi məqsədlər irəli sürülüb. S.Bəşirli proqramda nəzərdə tutulan sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi, sənaye zonaları və klasterlərinin qurulması, kadr potensialının və elmi təminatın gücləndirilməsi, sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi kimi istiqamətləri diqqətə çatdırıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Amil Əlili regionlarda qeyri-neft sənayesinin modernləşməsi və diversifikasiyası, sənaye məhsullarının ixracının artırılması, sənaye istehsalında regionların payının yüksəlməsi, yeni iş yerlərinin yaradılması, sənaye müəssisələrinin sənaye zonalarında cəmləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Son xəbərlər

Orphus sistemi