​İlham Əliyev: Azərbaycan öz çayını dünya bazarlarına çıxaracaq

​İlham Əliyev: Azərbaycan öz çayını dünya bazarlarına çıxaracaq “Buna nail olmaq üçün bütün imkanlar var”
Sənaye
12 Aprel , 2015 00:23
​İlham Əliyev: Azərbaycan öz çayını dünya bazarlarına çıxaracaq

Bakı. 12 aprel. REPORT.AZ/ “Son illər regionların inkişafı proqramı çərçivəsində çox işlər görülüb. Əsas məqsəd yerli istehsalın, iş yerlərinin yaradılması və ixrac potensialımızın gücləndirilməsidir. Əminəm ki, vaxt gələcək Azərbaycan öz çayını daha da böyük həcmdə dünya bazarlarına çıxaracaq. Çünki buna nail olmaq üçün bütün imkanlar var”.

“Report” xəbər verir ki, bunu respublikanın Cənub bölgəsinə səfəri çərçivəsində “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olan zaman bildirib.

Çay fabriki ilə tanışlıqdan sonra İlham Əliyev müəssisənin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Kollektivin üzvlərini və rayon ictimaiyyətinin nümayəndələrini salamlayan prezident İlham Əliyev bildirib:

“Astarada yenidən olmağımdan çox məmnunam. Şadam ki, Azərbaycanda belə gözəl müəssisə yaradılıb. Fabrik demək olar ki, tam hazırdır, yaxın zamanlarda işə başlayacaq. Beləliklə, Astarada çayçılığın bərpası işi uğurla gedəcək.

Astarada çayçılığın çox qədim və gözəl ənənələri var. Sovet dövründə böyük çay plantasiyaları salınmışdır. Əfsuslar olsun ki, sonrakı dövrdə bu sahə bir qədər tənəzzülə uğramışdır. Biz məcbur olub çayı xaricdən idxal etməyə başlamışdıq. Amma indi belə gözəl müəssisələr yarandıqda əminəm ki, Azərbaycan yaxın gələcəkdə özünü keyfiyyətli yerli çayla təmin edəcək.

Bütün avadanlıqlar çox müasirdir, xarici mütəxəssislər də bu işlərdə böyük fəallıq göstərmişlər. Onların dəstəyi də çox önəmlidir. Bu fabrikdə və çay plantasiyalarında mindən çox insan işlə təmin olunacaq. Beləliklə, biz bir neçə məqsədi güdmüş oluruq. İlk növbədə, yerli istehsal yaranır, ənənəvi kənd təsərrüfatı sahəsi olan çayçılıq bərpa edilir. Eyni zamanda, kənd təsərrüfatının inkişafına təkan veriləcək. Bu, sənaye müəssisəsidir. Burada həm kənd təsərrüfatı, həm sənaye sahələri birləşir. Bu il Azərbaycanda “Kənd təsərrüfatı” ilidir, keçən il “Sənaye ili” elan edilmişdi. Bizim siyasətimiz bax, bu çay fabrikində öz əksini tapır.

Kifayət qədər investisiyalar qoyulmuşdur, sahibkarlıq özünü göstərir. Yəni, dövlət də sahibkarlığa kömək göstərir. Eyni zamanda, sahibkarlar da çalışırlar ki, öz doğma Vətəninə xidmət göstərsinlər. Həm özləri mənfəət götürsünlər, həm də dövlət üçün xeyir versinlər.

Son illər ərzində regionların inkişafı proqramı çərçivəsində çox işlər görülüb. Əsas məqsəd yerli istehsalın, iş yerlərinin yaradılması və ixrac potensialımızın gücləndirilməsidir. Əminəm ki, vaxt gələcək Azərbaycan öz çayını daha da böyük həcmdə dünya bazarlarına çıxaracaq. Çünki buna nail olmaq üçün bütün imkanlar var. Dövlət siyasəti aparılır, bizim maliyyə vəziyyətimiz kifayət qədər yaxşıdır. İlin birinci rübünün yekunları da çox müsbətdir. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Gələcəkdə biz kənd təsərrüfatının, sənayenin, qeyri-neft sektorunun hesabına daha da inkişaf edəcəyik.

Mən çox şadam ki, son illərdə cənub bölgəsində gördüyümüz işlər nəticəsində böyük infrastruktur layihələri icra edilmişdir. Astarada on ildən çoxdur ki, elektrik stansiyası fəaliyyət göstərir. Qazlaşdırma uğurla gedir. Astara rayonunun qazlaşdırılması 75 faiz səviyyəsindədir. İndi içməli su layihəsi icra edilir. Ümid edirəm ki, gələn ilin sonuna qədər Astara təmiz içməli su ilə təmin ediləcək. Yollar çəkilir, Bakı-Astara magistral yolu inşa edilir. Biz bu layihəni müəyyən mərhələlərə bölmüşük. İş yerlərinin, yerli istehsalın yaradılması da əlbəttə ki, diqqət mərkəzindədir.

Belə kompleks yanaşma imkan verir ki, Azərbaycan iqtisadiyyatı neft amilindən daha az asılı olsun və dayanıqlı inkişaf təmin edilsin. Bununla bərabər, Astarada gözəl abadlıq işləri aparılır, bulvar salınıbdır, mən bunu alqışlayıram. Bu, insanların rahatlığı, istirahəti üçün gözəl bir təşəbbüsdür. Bildiyiniz kimi, indi Azərbaycanın müxtəlif yerlərində bulvarlar salınır. Vaxtilə bir bulvarımız var idi - Bakı bulvarı.

Onun uzunluğu təqribən 3,5 kilometr idi. Bir aydan sonra Bakıda yeni açılışlar olacaq. Biz bulvarı genişləndiririk və Bakı bulvarının uzunluğu 16 kilometr olacaq. Digər şəhərlərdə, çaylar boyu yerləşən şəhərlərdə, dəniz kənarındakı şəhərlərdə bulvarlar salınır. Mən bunu alqışlayıram. Bu, gözəllikdir, müasirlikdir, insanların rahat yaşaması üçün edilən gözəl hədiyyədir.

Abadlıq, quruculuq, sosial infrastruktur. Yadımdadır, keçən dəfə Astarada olarkən xəstəxananın açılışını qeyd etmişdik. Məktəblər tikilir, kənd yolları salınır. Demək olar ki, Astara rayonunun əksər kəndlərini birləşdirən kənd yolları tikilibdir, biri bu gün açılacaq. Biz digər kənd yollarının da tikintisinə nail olacağıq ki, Azərbaycanda bir dənə də təmirsiz kənd yolu qalmasın. Məqsəd bundan ibarətdir. Son illərdə bu sahəyə kifayət qədər böyük vəsait ayrılmışdır. Yollar tikilir, çünki yol olmasa inkişaf da olmaz. Eyni zamanda, yol olanda insanlar özlərini daha da rahat hiss edirlər. Yol həm sosial, həm də iqtisadi layihədir. İnfrastruktur layihələri bizim fəaliyyətimizin birinci mərhələsində ona görə prioritet daşıyırdı, çünki onlar olmasa inkişaf mümkün deyil. Biz elektrik stansiyaları tikməsəydik, bu gün bu müəssisənin də yaradılmasına heç bir imkan olmazdı. Çünki enerji generasiyası, qaz xətləri, infrastruktur, yollar - bunlar hər bir ölkənin inkişafını şərtləndirir. Ondan sonra isə dövlət investisiyalarının yatırılması, kreditlərin verilməsi, sahibkarlığın inkişafı, belə gözəl müəssisələrin yaradılması prosesi başlamışdır.

Qeyd etdiyim kimi, burada mindən çox insan işlə təmin ediləcək. Bu, işsizliyin aradan qaldırılması üçün çox gözəl addımdır. Eyni zamanda, ənənəvi olaraq çay plantasiyalarında qadınlar daha çox işləyirdi, fəaliyyət göstərirdi. Bu da çox vacibdir ki, ailədə hər iki valideyn işlə təmin edilsin. Qadınlar üçün çay plantasiyalarında işləmək Azərbaycanda ənənəvi xarakter daşıyan haldır. Hesab edirəm ki, müasir şəraitdə işləmək, əlbəttə, hər bir insan üçün çox önəmlidir. Gözəl müəssisədir, əminəm ki, burada insanlara, fəhlələrə yaxşı baxacaqlar, onların maaşı da, yeməyi də, iş şəraiti də yaxşı olacaq. Əminəm ki, bu fabrik gələcəkdə öz fəaliyyətini genişləndirəcək. Çünki həm Lənkəranda, həm Astarada, digər yerlərdə imkanlar genişdir, kənd təsərrüfatı, çayçılıq. Siz burada, eyni zamanda, çəltikçiliklə də məşğulsunuz. Bu da çox önəmlidir, bu zonanın ənənəvi kənd təsərrüfatı sahəsidir. Ölkəmiz bax, bu cür inkişaf edəcək, o cümlədən Astara.

Astara gözəl rayondur, Azərbaycanın gözəl guşəsidir, gözəl təbiəti, iqlimi, insanları var. Çox şadam ki, burada həm abadlıq işləri görülür, eyni zamanda, gözəl müəssisələr yaradılır. Bu, mənim Astaraya son illər ərzində yeddinci səfərimdir. Bu, özlüyündə sübut edir ki, Astaraya nə qədər böyük diqqət göstərilir. Mən bundan sonra da burada gedən işləri daim nəzarətdə saxlayacağam.

Bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik edirəm”.

Daha sonra rayon ictimaiyyətinin nümayəndələri Astaranın hərtərəfli inkişafının daim diqqət mərkəzində saxlandığına görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət edib.

Sonda xatirə şəkli çəkdirildi.

Son xəbərlər

Orphus sistemi