Bakı. 30 oktyabr. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransanın "Air Liquide" şirkətinin vitse-prezidenti Filip Kristodolu qəbul edib.
"Report"un nazirliyə istinadən verdiyi xəbərə görə, Ş.Mustafayev Azərbaycan və Fransa arasında iqtisadi əlaqələrin genişləndiyini, fransız şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiyini qeyd edib.
Şahin Mustafayev "Air Liquide" şirkəti ilə əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüb, əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan və Fransa arasında əlaqələrin yüksək səviyyədə olması əməkdaşlığın daha da inkişafına geniş imkanlar yaradır.
"Air Liquide" şirkətinin vitse-prezidenti Filip Kristodol şirkətin sənaye qazlarının istehsalı sahəsində ixtisaslaşdığını vurğulayaraq bildirib ki, dünyanın 80 ölkəsində fəaliyyət göstərən şirkət Azərbaycanla əməkdaşlığa, eləcə də ölkədə yaradılan sənaye parklarına maraq göstərir.
2014-cü ildə Fransanın "Air Liquide" şirkəti ilə "Sumqayıt Kimya Sənaye Parkı" MMC arasında Anlaşma Memorandumu imzalanıb. Hazırda memorandumda nəzərdə tutulan istiqamətlər üzrə Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq davam etdirilir.
Filip Kristodol şirkətin Azərbaycanla əlaqələrin genişləndirilməsində, o cümlədən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yenidənqurulması layihəsində iştirakda maraqlı olduğunu vurğulayıb.