Britaniya şirkəti Azərbaycanda Karbamid Zavodunun inşasına cəlb olunub

Britaniya şirkəti Azərbaycanda Karbamid Zavodunun inşasına cəlb olunub Bununla bağlı Dövlət Neft Şirkəti (SOCAR) ilə müvafiq müqavilə imzalanıb
Sənaye
3 Dekabr , 2015 12:19
Britaniya şirkəti Azərbaycanda Karbamid Zavodunun inşasına cəlb olunub

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Böyük Britaniyanın ALE ağır tonnajlı yükləri qaldırma şirkəti arasında müqavilə imzalanıb.

"Report" ALE şirkətinin saytına istinadən xəbər verir ki, müqaviləyə görə, Britaniya şirkəti Sumqayıtda inşa olunması planlaşdırılan Karbamid Zavoduna böyük ölçülü və ağır çəkili hissələri daşıyacaq.

ALE  avadanlıqları Bakı limanından Sumqayıtda zavod ərazisinə nəql edəcək. Daşıma 2016-cı ilin sentyabr ayınadək davam edəcək. Artıq şirkət daşımalara başlayıb və indiyədək çatdırılan ən ağır hissənin çəkisi 367 ton olub.

Şirkətdən bildirilib ki, bu, ALE-nin Bakı filialının indiyədək imzaladığı ən böyük müqavilədir.

Qeyd edək ki, Karbamid Zavodunun inşası layihəsi dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı (2008-2015-ci illər) çərçivəsində həyata keçirilir. Bu məqsədlə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin istifadəsində olan 24 hektar torpaq sahəsi ayrılıb və 2011-ci il dekabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə zavodun təməlqoyma mərasimi keçirilib. 2013-cü il martın 13-də SOCAR və "Samsung Engineering Co. Ltd." (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı zavodunun inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində "Samsung Engineering" şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək "açar təhvili" əsasında müəssisəni tam istifadəyə hazır şəkildə Dövlət Neft Şirkətinə təhvil verəcək. Koreya şirkəti zavodun tikinti-quraşdırma işlərini aparacaq, müvafiq sınaqlar həyata keçirəcək və müəssisənin istismarı zamanı yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə işçilərə xüsusi treninqlər təşkil edəcək. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq, gündə 2 min ton karbamid istehsal edəcək. Layihənin dəyəri (vergilər nəzərə alınmadan) 500 mln. avro təşkil edir.

Zavod 2017-ci ilin sonu-2018-ci ilin əvvəlində işə salınacaq.

Son xəbərlər

Orphus sistemi