​Bakıda kustar üsulla metal məhsullar istehsal edən müəssisə aşkarlanıb

​Bakıda kustar üsulla metal məhsullar istehsal edən müəssisə aşkarlanıb Faktla bağlı Vergilər və Fövqəladə Hallar nazirliklərinə məlumat verilib
Sənaye
17 Sentyabr , 2015 16:37
​Bakıda kustar üsulla metal məhsullar istehsal edən müəssisə aşkarlanıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti daxil olan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Azər Rəşxan oğlu Atılxanova məxsus qeyri-qanuni fəaliyyət göstərən müəssisədə polad zolaqların və polad dördkünclərin istehsal olunduğunu müəyyən edib.

Komitədən “Report”a verilən məlumata görə, qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan A.Atılxanova məxsus müəssisədə metal məhsullarının istehsalı üçün standartın tələblərinə uyğun heç bir şəraitin olmadığı müəyyən olunub. Müəssisə metal tullantılarından polad zolaqların və polad dördkünclərin istehsalı üçün texnoloji reqlamentlə təmin edilməyib, məhsullarda poladın markası təyin olunmur, kimyəvi tərkibli poladın standartın tələblərinə uyğunluğu, həmçinin dartılma zamanı mexaniki xassələri (müvəqqəti müqavimət, axma həddi, nisbi uzanma), soyuq halda əyilməsi yoxlanılmır. Müəssisədə bunun üçün tələb olunan şərait mövcud deyil.

Müəssisəyə baxış zamanı kustar üsulla istehsal olunan 4 ton istiyayılmış polad dördkünc, 1 ton istiyayılmış polad zolaq müəyyən edilib.

Qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə A.Atılxanova məxsus müəssisə barəsində Vergilər Nazirliyinə, həmçinin sexdə istismar edilən qızdırıcı sobanın və metal yayma xəttinin texniki təhlükəsizlik standartlarına, normalarına, qaydalarına və texniki sənədlərə uyğun olmasını təsdiq edən sənədləri olmadığına görə Fövqəladə Hallar Nazirliyinə rəsmi məlumat verilib.

Son xəbərlər

Orphus sistemi