"Azərikimya"da Etilen-Polietilen Zavodunda aparılmış təmirin nəticələrinə həsr olunmuş müşavirə keçirilib

"Azərikimya"da Etilen-Polietilen Zavodunda aparılmış təmirin nəticələrinə həsr olunmuş müşavirə keçirilib Zavodda aparılmış əsaslı təmir zamanı yaxşı işi və nümunəvi davranışı ilə fərqlənən bir qrup kimyaçıya fəxri fərman və pul mükafatı təqdim olunub
Sənaye
16 Sentyabr , 2016 13:27
Azərikimyada Etilen-Polietilen Zavodunda aparılmış təmirin nəticələrinə həsr olunmuş müşavirə keçirilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ “Azərikimya” İstehsalat Birliyində idarə və müəssisə rəhbərlərinin, baş mühəndislərin, istehsalat və sex rəislərinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəssislərin iştirakı ilə müşavirə keçirilib. Bu barədə “Report”a qurumdan məlumat verilib.

Məlumata görə, müşavirə cari ilin avqust ayının 5-dən sentyabr ayının 5-dək Etilen-Polietilen Zavodunda aparılmış əsaslı təmir işləri zamanı əldə olunmuş uğurların, eyni zamanda əməyin mühafizəsi və texniki təhlükəsizilik sahəsində qeydə alınan qayda pozuntularının müzakirəsinə həsr olunub.

Tədbiri giriş sözü ilə “Azərikimya” İB-nin içraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov açdıqdan sonra, əməyin mühafizəsi və ekologiya şöbəsinin hesabatı dinlənilib, əsaslı təmir zamanı əldə olunan uğurlar və qeydə alınan qayda pozuntularının keçən ilki əsaslı təmirlə müqayisəli şəkildə slaydlar vasitəsilə hesabatı təqdim edilib.

Qeyd olunub ki, təmir işləri uğurla başa çatdırılsa da, təmir zamanı bir sıra qayda pozuntuları da qeydə alınıb. Müşavirədə məruzəətrafı çıxışlar dinlənilib, istehsalat rəhbərləri qeyd olunmuş nöqsanların aradan qaldırılması və bir daha təkrarlanmaması üçün həyata keçirilən tədbirlərdən danışıblar.

Tədbirdə Etilen-Polietilen Zavodunda aparılmış əsaslı təmir işləri zamanı yaxşı işi və nümunəvi davranışı ilə fərqlənən bir qrup kimyaçıya fəxri fərman və pul mükafatı təqdim olunub.

Sonda “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev müzakirə olunan məsələyə münasibətini bildirərək tövsiyələrini verib, təltif olunan kimyaçıları təbrik edib. 

Son xəbərlər

Orphus sistemi