​Azərbaycanın qeyri-neft sənayesində 14 faiz artım qeydə alınıb

​Azərbaycanın qeyri-neft sənayesində 14 faiz artım qeydə alınıb "Sənaye artımı əvvəllər də olub, amma daha çox neft hasilatı hesabına"
Sənaye
14 İyul , 2015 03:18
​Azərbaycanın qeyri-neft sənayesində 14 faiz artım qeydə alınıb

Bakı. 14 İyul. REPORT.AZ/ "Ölkədə sənayeləşmə prosesi uğurla gedir. Qeyd etdiyim kimi, qeyri-neft sənayemiz 14 faiz artıb. Mən xatırlamıram ki, nə vaxtsa qeyri-neft sənayemiz bu qədər artsın".

"Report"un məlumatına görə, bu sözləri prezident İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Prezidentin sözlərinə görə, bu, doğrudan da rekord göstəricidir:

"Sənaye artımı əvvəllər də olub, amma daha çox neft hasilatı hesabına. O illərdə sürətli hasilatda artım olub. Amma qeyri-neft sənayemiz 14 faiz artıb. Bu, doğrudan da görülən işlərlə bağlıdır. Hər bir rayonda sənaye zonaları yaradılacaq, eyni zamanda, sənaye parkları. Məndə olan məlumata görə, Sumqayıt Kimya Sənaye Parkında 4 rezident tərəfindən 700 milyon manat investisiya nəzərdə tutulur. Bu da çox gözəl göstəricidir və bir daha onu göstərir ki, bu sənaye parklarının yaradılması çox düzgün və vaxtında atılmış addım idi".

Dövlət başçısı bildirib ki, "biz, eyni zamanda, özümüzü tikinti materialları ilə tam təmin etməliyik. Bu sahədə də böyük irəliləyiş var və tikinti materiallarını artıq ixrac etməyə başlamışıq. Bu istiqamətdə iş davam etdirilməli, ərzaq məhsulları ilə yanaşı, tikinti materiallarının ixracı üçün yeni bazarlar aşkar edilməlidir".

Onun sözlərinə görə, iş yerlərinin yaradılması daimi proses olmalıdır, çünki bəzi başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir, əhali artır.

"Bu da, əlbəttə ki, insanların yaşayış səviyyəsinin artması ilə bağlıdır. Belə olan halda iş yerləri daim diqqət mərkəzində olmalıdır. Bizdə hər il əhali orta hesabla təxminən 100 min nəfər artır. Yəni, bu, gələcəkdə 100 min iş yerinin açılması deməkdir. Biz bunu nəzərə almalıyıq. Burada əlbəttə ki, düşünülmüş strategiya olmalıdır, bilirəm, müvafiq qurumlar, İqtisadiyyat və Sənaye Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər qurumlar bu strategiyanı işləyiblər. Bu, daim diqqət mərkəzində olacaq", - deyə İlham Əliyev əlavə edib.

Prezident qeyri-neft sektorunun inkişafının çox sevindirici olduğunu qeyd edib: "Bu il 9,2 faiz artıb. Əlbəttə ki, daha çox sahibkarlığın inkişafı, sahibkarların fəaliyyəti hesabına. Çünki dövlət sektorunda artımı daha çox enerji sektoru təmin edir. Ona görə sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır. Bildiyiniz kimi, biz güzəştlər edirik, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilir. Təkrar əkin üçün indi yeni şərait yaradılır. Digər məsələlər öz həllini tapır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq. Mən bunu dəstəkləyirəm ki, fermerlər, iş adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni, dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın. Məhz bunun nəticəsində bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb".

Son xəbərlər

Orphus sistemi