Azərbaycanda yeni əczaçılıq müəssisəsi yaradılır

Azərbaycanda yeni əczaçılıq müəssisəsi yaradılır Bununla bağlı Bakıda Azərbaycan və İran şirkətləri arasında sənəd imzalanıb
Sənaye
21 Aprel , 2016 12:51
Azərbaycanda yeni əczaçılıq müəssisəsi yaradılır

Bakı. 21 aprel. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi arasında keçirilən görüş çərçivəsində bir sıra sənədlər imzalanıb. 

"Report" xəbər verir ki, "Azərbaycan İnvestisiya Şirkəti" ASC, "Azersun Holding" MMC və “Darou Pakhsh” şirkəti arasında Azərbaycanda əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalının təşkili haqqında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, yeni yaradılacaq birgə müəssisəni tərəflər birgə maliyyələşdirəcək.

Müəssisədə ağrıkəsici, antibiotik və vitamin təyinatlı 52 adda dərman preparatlarının istehsalı nəzərdə tutulur. Dərman preparatları ilkin olaraq daxili bazar üçün nəzərdə tutulur. Müəssisənin Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılması planlaşdırılır.

Bununla əlaqədar, “Sumqayıt Kimya Sənaye Parkı” MMC ilə İranın “Darou Pakhsh” şirkəti arasında əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalı layihəsinin Sənaye Parkının ərazisində həyata keçirilməsi ilə bağlı anlaşma memorandumu imzalanıb.

Qeyd edək ki, İranın ən böyük əczaçılıq şirkəti olan “Darou Pakhsh” 1956-cı ildən fəaliyyət göstərir və İran Əmək və Sosial İşlər Nazirliyinin tabeliyindədir. Şirkət vitamin və minerallar, ağrıkəsici və hərarət salıcı dərmanlar, kardiovaskulyar dərmanlar, astma əleyhinə preparatlar, antikonvulsantlar, antidepresantlar, dezinfeksiya preparatları, həzm sistemi dərmanları, sidikqovucular, peyvəndlər, dietik əlavələr və əvəzləyicilər, antihistaminlər, antidiabetiklər, baytarlıq preparatları və s. məhsullar daxil olmaqla 48 farmakoloji qrup üzrə 368 adda dərman istehsal edir. İstehsal etdiyi dərman preparatlarını Azərbaycan da daxil olmaqla 20-dən çox ölkəyə ixrac edir.

Son xəbərlər

Orphus sistemi