Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyində ​Sudan nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyində ​Sudan nümayəndə heyəti ilə görüş keçirilib Sudan neft hasilatı və ixracı sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsində, sudanlı gənclərin bu sahədə ölkəmizdə təhsil almasında maraqlıdır
Sənaye
18 Mart , 2015 18:02
Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyində ​Sudan nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Sudanın xarici işlər naziri Əli Əhməd Kartinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Ş.Mustafayev iki ölkə arasında əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin, beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlərin əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərdiyini vurğulayıb. Sudan nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyi qeyd edilib. Nazir iqtisadi, humanitar, təhsil, turizm sahələrində əlaqələrin genişləndirilməsi imkanlarının olduğunu diqqətə çatdırıb.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş.Mustafayev ölkənin böyük iqtisadi potensiala malik olduğunu, Cənubi Qafqaz iqtisadiyyatının 75%-nin ölkəmizin payına düşdüyünü, Azərbaycanın bir çox iri infrastruktur və enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olduğunu vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın ədalətli mövqeyini diqqətə çatdıran nazir Sudan Parlamentinin Xocalı soyqırımını tanımasına görə bir daha təşəkkür edib.

Sudanın xarici işlər naziri Ə.Ə.Karti ölkəsinin böyük təbii ehtiyatlara malik olduğunu diqqətə çatdırıb, bu resursların işlənməsi sahəsində Azərbaycanla əməkdaşlıq, eləcə də Sudana investisiya qoyuluşuna dair fikirlərini bölüşüb.

Sudan neft hasilatı və ixracı sahəsində Azərbaycanın zəngin təcrübəsinin öyrənilməsində, sudanlı gənclərin bu sahədə ölkəmizdə təhsil almasında maraqlı olduğu deyilib. Bundan başqa, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün geniş imkanlar mövcud olduğu da vurğulanıb.

Görüşdə Azərbaycan və Sudan arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları, bu məqsədlə işçi qrupun yaradılması məsələləri barədə müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi