Türkiyəli professor: "Orqan bağışlanması üçün xəstə yaxınlarını maarifləndirmək lazımdır" - MÜSAHİBƏ

Türkiyəli professor: "Orqan bağışlanması üçün xəstə yaxınlarını maarifləndirmək lazımdır" - MÜSAHİBƏ Doktor Əli Haberal: "Türkiyədə Diyanət İşləri Vəqfi meyit orqanlarının nəqli prosesinə ciddi dəstək verir"
Sağlamlıq
15 İyun , 2016 14:07
Türkiyəli professor: Orqan bağışlanması üçün xəstə yaxınlarını maarifləndirmək lazımdır - MÜSAHİBƏ

"Ürək transplantasiyası əməliyyatı 50 min dollar civarındadır"

Bakı. 15 iyun. REPORT.AZ/ Türkiyənin Başkənt Universitetinin rektoru, professor, doktor Əli Haberalın "Report"a müsahibəsi

- Əli bəy, Başkənt Universiteti haqqında qısa məlumat verərdiniz...

- Başkent Universiteti 1993-cü ildə professor Mehmet Haberal tərəfindən yaradılan vəqf universitetidir. Hazırda universitetin 11 fakültəsi, 6 peşə məktəbi, 10 500 tələbəsi var. Universitetin əsas binası Ankarada yerləşir. Başkənt Universitetinin Türkiyənin 5 böyük vilayətində xəstəxanaları var. Ümumilikdə 10 600 həkim bu xəstəxanalarda çalışır. Ali təhsil müəssisəsinin Ankara, Adana, Konya və İstanbulda olan xəstəxanalarında orqan köçürülməsi (transplantasiya) əməliyyatları aparılır. Transplantasiya əməliyyatları arasında əsasən böyrək, qaraciyər, ürək, sümük iliyi nəqli həyata keçirilir.

- Türkiyədə transplantasiya əməliyyatlarının tarixi nə zamandan başlayır və proses necə tənzimlənir?

- Türkiyədə transplantasiya əməliyyatlarının qurucusu professor Mehmet Haberaldır. O, ilk böyrək transplantasiyası əməliyyatını 1975-ci il noyabrın 3-də həyata keçirib. Mehmet Haberal bu gün də transplantasiya əməliyyatlarını həyata keçirir. İndi Türkiyədə 50-yə yaxın mərkəzdə böyrək, təxminən 30 mərkəzdə qaraciyər transplantasiyası həyata keçirilir. Başkənt Universitetinin türk dövlətləri və Yaxın Şərq ölkələri ilə əməkdaşlığı var. Biz həm də universitet olaraq həmin ölkələrdən gələn həkimlərə, tibb bacılarına və s. təhsil proqramları təşkil edirik. Transplantasiya əməliyyatları ayrıca bir təşkilati iş tələb edir. Burada sadəcə cərrahiyyə işi deyil, laboratoriya və digər işləri həyata keçirəcək bir qrupa, əməliyyatdan sonra xəstələri müşahidə edəcək işçilərə ehtiyac var. Türkiyədə ölən insanlardan orqan köçürülməsi prosesi qanun vasitəsilə həyata keçirilir. Prosesin tənzimləyicisi isə Səhiyyə Nazirliyidir. Canlı insanlardan orqan nəqli isə yaxın qohumların donorluğu vasitəsilə həyata keçirilir.

- Orqan bağışlanması prosesinə qohumlar necə yanaşır və Türkiyədə bu prosesin baş tutmasında daha çox hansı amil rol oynayır?

- Orqan bağışlanması (meyit orqanlarının nəqli) qarşılığında pul ödənilməsi yoxdur. Türkiyədə qanuni olaraq orqan satılması məsələsi yoxdur. Qeyri-qanuni yolla olarsa da bunun cəzası çoxdur. Allah gecindən versin. Deyək ki, yol-nəqliyyat hadisəsi nəticəsində beyin ölümü yaşayan bir insanın vəziyyəti həkim heyəti tərəfindən dəyərləndirilir, xəstə yaxınları da razılıq verərlərsə sənədlər imzalanır. Bu zaman ölü sahibinə heç bir ödəniş həyata keçirilmir və ya başqa bir şey verilmir. Türkiyədə meyit orqanlarının nəqlinə razılıq verən qanun 1988-ci ildən mövcuddur. Meyit orqanlarının nəqlini gerçəkləşdirmək üçün xəstə yaxınlarını maarifləndirmək lazımdır. Türkiyədə bu işə yardımçı olan mühüm amillərdən biri də dindir. Diyanət İşləri Vəqfi bu məsələyə çox yardım edir. Onların orqan bağışlanmasının dini tərəfdən problem olmadığı ilə bağlı bəyanat verməsi insanların öz yaxınlarının orqanlarını daha rahat verməsinə imkan yaradır.

- Türkiyənin transplantasiya sahəsində əldə etdiklərini Avropanın inkişaf etmiş ölkələri ilə müqayisə etmək nə dərəcədə mümkündür?

- Bu gün Türkiyədə həyata keçirilən transplantasiya əməliyyatları Avropa ölkələrindən daha qabaqcıl səviyyədədir. Hazırda bizdə ABŞ-da həyata keçirilən əməliyyatlar səviyyəsində uğurlu işlər aparılır. Türkiyədə tibb çox qabaqcıl səviyyədədir.

- Transplantasiya bahalı əməliyyat sayılır. Sizdə qiymətlər necə tənzimlənir?

- Türkiyədə səhiyyə sistemi dövlətin zəmanəti altındadır. Hamı sığortalıdır. İnsanlar xəstəxanaya getdiyi zaman xərcin böyük miqdarını dövlət təmin edir. Cibinizdən pul çıxmadan tibbi xidmət görə bilərsiniz. Vəsaitin böyük miqdarını dövlət qarşıladığı üçün qiymətlər daha azdır. Təşkilatlara vəsaiti dövlət verir. Türkiyəyə kənardan gələn və ya xüsusi olaraq öz hesabına gələnlər üçün isə böyrək transplantasiyası əməliyyatı təxminən 15-20 min dollara, qaraciyər isə 40-50 min dollara həyata keçirilir. Müəyyən müddət xəstəyə qulluq da bu qiymətə daxildir. Deyək ki, ikinci bir əməliyyat lazım olarsa, həmin paket çərçivəsində həyata keçirilir.

- Ürək transplantasiyası əməliyyatları digərləri ilə müqayisədə dahamı az həyata keçirilir?

- Ürək transplantasiyası əməliyyatları üçün donor yalnız meyit olmalıdır. Ötən il Başkənt Universitetində 17 ürək transplantasiyası əməliyyatı aparılıb. Ürək transplantasiyası əməliyyatı 50 min dollar civarındadır. Türkiyədə əcnəbi birinin ürək transplantasiyası əməliyyatı keçirməsi bir az daha çətindir. Çünki Türkiyə qanunlarına görə, ilk öncə öz vətəndaşına donor xidməti göstərilməlidir. Əgər artıq olarsa əcnəbiyə ürək nəql edilməsi mümkündür. Ümumiyyətlə, kənardan gələn xəstələr donorları da özləri ilə gətirməlidirlər. Amma deyək ki, Azərbaycandan bir xəstə gəldi və birini də özü ilə gətirdisə, həmin dəqiqə əməliyyat aparılmır. Əvvəlcə onun qohumluq bağlarına baxılır. Səfirlik vasitəsilə keçmişi gözdən keçirilir və əgər donor namizədi həqiqətən qohumdursa, o zaman müayinələri aparılır.

- Azərbaycanda da transplantasiya prosesi həyata keçirilir. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycanda aparılan transplantasiya əməliyyatları ilə bağlı vəziyyəti bilmirəm. İstər Azərbaycan, istərsə də digər türk dövlətlərində transplantasiya əməliyyatları yeni aparılır. Başkənt Universiteti olaraq, bu məsələdə elmi dəstəyi verməyə hazırıq. Ortaq bir lahiyəmiz ola bilər. Bizim həkimlər bura gəlib əməliyyatlarda iştirak edə və ya Azərbaycan həkimləri bizim xəstəxanalara gələ bilərlər.

- Türkiyədə bir həkimin transplantasiya əməliyyatları apara bilməsi üçün neçə il təhsil alması lazımdır?

- Türkiyədə tibb təhsilinin müddəti 6 ildir. İxtisas təhsili isə əlavə olaraq 4-5 ildir. Deyək ki, tibb universitetini bitirib həkim oldunuz. Bundan sonra təmsil edəcəyiniz sahə üzrə həkim ola bilmək üçün 4-5 il daha təhsil almalısınız. Azərbaycandakı təhsil sistemini tam olaraq bilmirəm, amma burada əsasən Rusiya sisteminə uyğun olan köhnə sistemdir. Belə ki, sizdə universitet təhsili çərçivəsində ixtisaslaşma da olur. Türkiyədə isə belə bir şey yoxdur. Məsələn, transplantasiya cərrahı olmaq üçün 6 ildən əlavə daha 7-8 il təhsil almaq lazımdır. Türkiyədə 6 illik tibb təhsilini bitirənlər hər hansı sahə üzrə həkim işləyə bilməzlər. Onlar sadə xalq həkimi kimi fəaliyyət göstərə bilirlər. Resept yazmaq və s. kimi işlərlə məşğul olurlar.  

Son xəbərlər

Orphus sistemi