ÜST: Şəkərli diabet xəstəliyi 2030-cu ilədək 7-ci əsas ölüm səbəbinə çevriləcək

ÜST: Şəkərli diabet xəstəliyi 2030-cu ilədək 7-ci əsas ölüm səbəbinə çevriləcək Ümumdünya Sağlamlıq Günü bu gün şəkərli diabet xəstəliyinin qarşısının alınması və müalicəsi mövzularına həsr olunacaq
Sağlamlıq
7 Aprel , 2016 09:28
ÜST: Şəkərli diabet xəstəliyi 2030-cu ilədək 7-ci əsas ölüm səbəbinə çevriləcək

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün Ümumdünya Sağlamlıq Günüdür. 1950-ci ildən başlayaraq Ümumdünya sağlamlıq günü hər il 7 aprel tarixində müxtəlif mövzular üzrə qeyd edilir. "Report"un məlumatına görə, hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir.

Ümumdünya Sağlamlıq Günü bu gün şəkərli diabet xəstəliyinin qarşısının alınması və müalicəsi mövzularına həsr olunacaq. Şüar isə "Fəal ol, Sağlam qidalan, Tibbi məsləhətlərə riayət et, Şəkərli diabetə qalib gəl" olacaq. 

Məlumat üçün bildirək ki, Avropa Regionunda 64 milyon insan şəkərli diabetdən əziyyət çəkir və xəstəlik hər il minlərlə insanın ölümünə səbəb olur. Halbuki, hesablamalara görə, azı 20% 2-ci tip şəkərli diabet hallarının qarşısı alına bilər.

Şəkərli diabet üzrə yeni qlobal hesabat bu il Ümumdünya Sağlamlıq Gününə təsadüf edir. 2030-cu ilədək 7-ci əsas ölüm səbəbinə çevriləcək şəkərli diabet xəstəliyi ilə mübarizə bu il Ümumdünya Sağlamlıq Gününün mövzusudur. Hesabat şəkərli diabetin iztirab və fəsadlarını izah edir və təkmilləşdirilmiş nəzarəti təmin etmək, profilaktika tədbirlərin, eləcə də xəstəliyin idarə olunmasının yaxşılaşdırılması üçün güclü səhiyyə sistemlərini təbliğ edir.

ÜST-ün Avropa üzrə Regional Ofisinin direktoru Jujanna Yakab qeyd edib ki, dünyada şəkərli diabetin yüksək göstəriciləri müşahidə olunmasa da, regionda bəzi ölkələrin əhalisinin 14%-ə qədər bu xəstəlikdən əziyyət çəkir: "Həmin ölkələrin səhiyyə sistemləri çox vaxt xəstəliyə nəzarət etmək və onun fəsadlarını idarə etməkdə çətinlik çəkir. Şəkərli diabet xəstəliyinin təhlükəsi bütün cəmiyyətin onu dayandırmaq üçün əsaslı birgə səyi olmayanadək davam edəcək".

O, həmçinin bildirib ki, şəkərli diabet üzrə risk amilləri digər qeyri-yoluxucu xəstəliklərin riskləri ilə yaxından əlaqəlidir: "Şəkərli diabet epidemiyasına nəzarətin tək etibarlı yolu insanların şəkərli diabet xəstəliyinə yoluxmalarının qarşısını almaqdır və biz çox güman ki, vahid bir yanaşma ilə buna nail olacağıq. Eyni zamanda, səhiyyə sistemləri artıq diabetli milyonlarla avropalıya vəziyyətlərinə nəzarət etmək və problemsiz yaşamaq üçün dəstək məqsədilə çox şey edə bilər".

Qeyd edək ki, ÜST Birləşmiş Millətlər Təşkilatının səhiyyə məsələləri üzrə ixtisaslaşmış agentliyidir. Qurum 1948-ci ilin aprel ayının 7-də yaradılıb. Məqsədi bütün insanların mümkün ola biləcək ən yüksək sağlamlıq halına sahib olmalarını təmin etməkdir. ÜST özünün Ümumdünya Səhiyyə Assambleyası vasitəsilə 193 Üzv ölkə tərəfindən idarə olunur. Bu Assambleya ÜST-ə Üzv Dövlətlərdən olan nümayəndələrdən ibarətdir. Ümumdünya Səhiyyə Assambleyasının əsas vəzifəsi ÜST-ün proqramı və növbəti ikiillik müddət üzrə büdcəsinin təsdiqi və siyasət məsələləri üzrə qərarların qəbul edilməsidir.

Son xəbərlər

Orphus sistemi