Səhiyyə naziri tibb müəssisələrində klinik psixoloqların fəaliyyət göstərməsi haqda əmr imzalayıb

Səhiyyə naziri tibb müəssisələrində klinik psixoloqların fəaliyyət göstərməsi haqda əmr imzalayıb Nazirlikdən bildirilib ki, bu müəsissələrdə psixoloqların fəaliyyət göstərməsi ilə müalicəyə müasir və hərtərəfli yanaşma həyata keçiriləcək.
Sağlamlıq
27 Oktyabr , 2015 13:30
Səhiyyə naziri tibb müəssisələrində klinik psixoloqların fəaliyyət göstərməsi haqda əmr imzalayıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanda ilk dəfə tibb müəssisələrində klinik psixoloqlar fəaliyyət göstərəcəklər. Səhiyyə Nazirliyindən "Report"a verilən xəbərə görə, bununla bağlı nazir Oqtay Şirəliyev əmr imzalayıb. 

Əmrə əsasən, Səhiyyə Nazirliyi Elmi Tədqiqat İnstitutlarında, Tibb mərkəzlərində, Akad. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, Respublika Perinetal Mərkəzində və s. yerlərdə psixoloq ştatı açacaq və klinik psixoloqları işə qəbul edəcək. Nazirlikdən bildirilib ki, bu müəsissələrdə psixoloqların fəaliyyət göstərməsi ilə müalicəyə müasir və hərtərəfli yanaşma həyata keçiriləcək.

Xatırladaq ki, ölkədə psixi sağlamlıq xidmətlərinin daha yaxşı təşkil edilməsi üçün klinik psixoloqların tibb müəssisələrində çalışması olduqca vacibdir. Psixoloqlar insanların psixi sağlamlıqla bağlı müxtəlif tələbatlarını və problemlərini aşkarlayır.

Səhiyyə Nazirliyinin məlumatına görə, insanlar xəstəliklər zamanı təkcə fiziki baxımdan deyil, eyni zamanda müxtəlif psixoloji problemlər və emosional halətlərlə qarşılaşırlar: "Bu problemlərin vaxtında aşkar olunması və həll edilməsi şəxslərin psixososial adaptasiya imkanlarını genişləndirir. Məsələn, sonsuzluqdan uzun müddət müalicə alan qadının motivasiya və tələbatlar sisteminin, əhval-ruhiyyəsinin, şəxsiyyətlərarası münasibətlər sferasının və s. qiymətləndirilməsi və psixoloji müdaxilənin təşkil edilməsi onun həyat keyfiyyətlərini yüksəldəcəkdir.

Psixoloqlar eyni zamanda müxtəlif psixoloji müayinə üsulları ilə yardım göstərirlər. Məsələn, hansısa ağır və xroniki xəstəliklər zamanı təkcə farmakoloji müalicə deyil, həmçinin psixoloji müdaxilə təşkil olunmalıdır (psixoloji konsultasiya, böhran hallarında müdaxilə və s. ).

Psixoloji problemlər təkcə psixi xəstəliklər zamanı rast gəlinmir. Belə ki gündəlik həyat şəraiti zamanı bəzən biz gözlənilmədən krizis vəziyyəti ilə üzləşə bilərik. Bu zaman psixoloqların xidməti əvəzsizdir. Beynəlxalq tədqiqatlar göstərir ki, ağır və xroniki xəstəliklər zamanı əsas müalicə ilə yanaşı psixoterapiya da aparılarsa, nəticə daha uğurlu olur. Bəzi pozuntular (post-trvamatik stress pozuntusu, obsessiv-kompulsiv pozuntu, sosial fobiya və s.) zamanı isə medikamentoz müalicənin effektivliyi nisbətən aşağı qiymətləndirilir. Bu pozuntuların aradan qaldırılmasında psixoterapiya daha səmərəli olur.

Psixoloqların müxtəlif səhiyyə xidmətlərində çalışmasının digər vacib aspekti maarifləndirmə işlərinin aparılmasının zəruriliyi ilə bağlıdır. Psixi sağlamlığın dəstəklənməsi və psixi xəstəliklərin profilaktikası üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir.

Maarifləndirmə tədbirləri təkcə xəstələri deyil, eyni zamanda ailə üzvlərini də əhatə edir. Ailə üzvləri adətən psixi xəstəliklər zamanı şəxsə necə yanaşmalı və rəftar etməli olduqlarını bilmirlər. Məhz bununla bağlı onlar stress keçirə bilərlər. Psixoloqlar ailələr və pasiyentlərlə bir yerdə işləyəndə məsələnin həlli yolları ilə bağlı cox yaxşı qərarlar qəbul edə və problemdən çıxış yolları tapa bilərlər".

Nazirlikdən bildirilib ki, psixoloq fəaliyyətinin digər aspektlərindən biri də burda bəzi diaqnostik alətlərin və instrumentlərin mövcudluğudur ki, bunlar başqa sahələrdə yoxdur: "Bu alətlər yalnız diaqnoz qoymaq üçün istifadə edilmir. Onlar eyni zamanda pozuntunun ağırlıq dərəcəsini, həyat keyfiyyətlərini, adaptasiya səviyyəsini, şəxsi xüsusiyyətlərini, qabiliyyətləri və s. qiymətləndirir. Bu səbəbdən sağlam insanların işə yararlılığının qiymətləndirilməsi, çağırışçıların hərbi-tibbi ekspertizası, və ya məhkəmə ekspertizası zamanı psixoloqların rolu əvəzsiz ola bilər.

Adətən psixiatr və psixoloq peşəsi qarışıq salınır. Psixiatriya və psixologiya ayrı-ayrı ixtisas sahələri olub pasiyentlərə yanaşma istiqamətlərinə görə bir-birlərindən fərqlənirlər. Psixiatr həkimdir, onlar psixi pozuntuların bioloji aspektlərinə daha çox önəm verərərək psixofarmakoterapiyadan istifadə edirlər. Lakin həmin xəstələrin digər problemləri də ola bilər".

Son xəbərlər

Orphus sistemi