Razılığı tələb olunmadan vətəndaşa tibbi yardım göstərilməsi qaydası dəyişib

Razılığı tələb olunmadan vətəndaşa tibbi yardım göstərilməsi qaydası dəyişib Onkoloji xəstələrin həyat və sağlamlığı üçün ciddi təhlükə olduqda uyğun müalicə yazılı razılıq olmadan aparıla bilər
Sağlamlıq
15 Aprel , 2016 13:03
Razılığı tələb olunmadan vətəndaşa tibbi yardım göstərilməsi qaydası dəyişib

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin bugünkü plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, layihə ilə bağlı Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.

Dəyişikliyə əsasən, özünün və ya qanuni nümayəndəsinin razılığı tələb olunmadan vətəndaşa qanunvericilikdə müəyyən edilmiş qaydada tibbi yardım (tibbi müayinə, hospitalizasiya, nəzarət etmək, izolyasiya etmək) göstərilməsi ətrafdakılar üçün təhlükəli xəstəliklərə tutulan, ağır ruhi pozuntulardan əzab çəkən, yaxud ruhi xəstəlik nəticəsində ictimai təhlükəli əməl törədən şəxslərə aid edilir. Həmin şəxslərə tibbi yardım göstərilməsi haqqında qərar həkim tərəfindən qəbul edilir. Vətəndaşın razılığı olmadıqda, qanuni nümayəndələrin isə razılığı olduqda, əksepidemik tədbirlərin həyata keçirilməsi ilə bağlı tibbi yardımın göstərilməsi qanunvericiliklə tənzimlənir. Ağır ruhi pozuntulara düçar olmuş şəxslərin müayinəsi və hospitalizasiyası qanunvericilikdə müəyyən edilmiş qaydada aparılır.

Xəstəlik nəticəsində ictimai təhlükəli əməl törədən şəxslər habelə ətrafdakılar üçün epidemoloji baxımdan ciddi təhlükə yaradan və hospitalizasiyadan imtina edən vərəmli xəstələr barədə qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi tibbi tədbirlər tətbiq oluna bilər. Cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstələiyinə düçar olan şəxslərə barəsində Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məcburi tibbi tədbirlər tədbiq edilir.Yoluxu xəstəliklərə tutulmuş və epidemoloji baxımdan ətrafdakılar üçün təhlükə yaradan penitensiar müəssisələrdə cəza çəkmədən azad edilmiş şəxslər stasionar müalicədən imtina etdikdə, qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi hospitalizasiya olunurlar.

Həmçinin onkoloji xəstələrin həyat və sağlamlığı üçün ciddi təhlükə olduqda uyğun müalicə yazılı razılıq olmadan aparıla bilər. 

Vətəndaşın, yaxud qanuni nümayəndənin razılığı tələb olunmayan və ya məhkəmənin qərarı ilə müəyyən olunan hallarda hospitalizasiyanın səbəbləri aradan qaldırılanadək vətəndaş müalicə-profilaktika müəssisəsində saxlanılacaq.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi