Professor: "Türkiyə və Azərbaycan həkimləri ana-uşaq ölümü hallarının qarşısının alınmasında əməkdaşlıq etməlidir"

Professor: "Türkiyə və Azərbaycan həkimləri ana-uşaq ölümü hallarının qarşısının alınmasında əməkdaşlıq etməlidir" Doktor Ateş Karateke: "Ana-uşaq ölümü bütün dünyada qəbuledilməz haldır"
Sağlamlıq
7 İyun , 2016 12:11
Professor: Türkiyə və Azərbaycan həkimləri ana-uşaq ölümü hallarının qarşısının alınmasında əməkdaşlıq etməlidir

Bakı. 7 iyun. REPORT.AZ/ "Ana-uşaq ölümü bütün dünyada qəbuledilməz haldır".

"Report"un xəbərinə görə, bunu Bakıda səfərdə olan Yeditepe Universiteti Xəstəxanası Qadın Xəstəlikləri və Doğuş Bölməsinin professoru, doktor Ateş Karateke deyib.

Onun sözlərinə görə, ana-uşaq ölümü hallarına qarşı vaxtında qabaqlayıcı tədbirlər görülsə, bunun qarşısını almaq mümkün olar: "Hazırda Türkiyədə ana ölümü hər 100 min hamiləlikdə 13.7 faizdir. Halbuki bu rəqəm ötən əsrin 90-cı illərində hər 100 min hamiləlikdə 70-100 nəfər idi. Azərbaycanda həkimlərdən öyrənəcəyimiz bir sıra işlər var. Türkiyə və Azərbaycan həkimlərinin ana-uşaq ölümü hallarının qarşısının alınmasında əməkdaşlıq etməsi, fikir mübadiləsinin aparılması bu sahənin inkişafına mühüm təkan verəcək".

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru Nazim Qasımov isə deyib ki, ana və uşaqların sağlamlığının qorunması sahəsində dövlətin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanda ana və körpə ölümü göstəriciləri azalıb: "Lakin ölkədə ana və uşaqların sağlamlığının qorunması sahəsində həll olunmalı problemlər bu gün də mövcuddur. Perinatal yardımın keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması istiqamətində aparılan tədbirlərin davamlığının təmin edilməsi, beynəlxalq diridoğulma meyarlarına keçid vasitəsilə Azərbaycanda perinatal və uşaq statistik göstəricilərinin Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi standartlara uyğunlaşdırılması, antenatal dövrdə hamilə qadınların sağlamlığına təhlükə yarada bilən patoloji vəziyyətlərin vaxtında aşkarlanması işinin təkmilləşdirilməsi və digər məsələlərin həyata keçirilməsi vacib tədbirlərdir".

O bildirib ki, bütün bunlar “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub: "Həmin proqram çərçivəsində respublikada ana ölümlərini azaltmaq məqsədilə Türkiyədə tətbiq olunan “Təxirəsalınmaz mamalıq hadisələrində baş verən qanaxmalarda cərrahi müdaxilə layihəsi”ndən nümunə kimi istifadə edilib. Layihə çərçivəsində çanaq cərrahiyyəsində qanamanı dayandıra bilən qadın xəstəlikləri və doğum həkimlərinin sayını artırmaq üçün nəzəri və praktik təlimlər keçirilib. Nəticədə həkim təcrübəsizliyi ilə bağlı olan ana ölümləri 10 dəfədən artıq azalıb".

Xatırladaq ki, layihənin koordinatoru türkiyəli professor Ateş Karatekedir. O, layihənin əsasları, iş prinsipləri ilə respublikada çalışan mütəxəssisləri tanış etmək üçün Azərbaycana dəvət olunub və bu gün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təlim keçib. Təlimdə Azərbaycanın doğuşayardım xidmətində çalışan mama-ginekoloqlar iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi