Neonatal skrining proqramına start verilib

Neonatal skrining proqramına start verilib Anadangəlmə inkişaf qüsurlu körpələrin erkən aşkarlanması, müalicəsi məqsədilə aidiyyatı dövlət tibb müəssisələri avandalıqla təchiz edilib.
Sağlamlıq
21 May , 2016 05:00
Neonatal skrining proqramına start verilib

Bakı. 21 may. REPORT.AZ/ Səhiyyə Nazirliyi "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"na əsasən anadangəlmə inkişaf qüsurları olan körpələrin erkən aşkarlanması və onların müalicəsi işinin təşkil edilməsi və bu məqsədlə neonatal müayinələrin (skrininqlərin) aparılmasını təmin edir.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, anadangəlmə inkişaf qüsurlu körpələrin erkən aşkarlanması, müalicəsinin, o cümlədən cərrahi müalicəsinin və sonradan tibbi reabilitasiyasının təşkili məqsədilə dövlət proqramı çərçivəsində aidiyyatı dövlət tibb müəssisələri, Perinatal Mərkəzlər, qadın məsləhətxanaları, doğum evləri və poliklinikalar müvafiq fetal və perinatal diaqnostika avandalıqları ilə təchiz edilib.

Bununla yanaşı, anadangəlmə ürək qüsurlarının erkən müayinə edilməsi və ixtisaslaşmış tibb müalicə mərkəzlərinə yönləndirilməsi məqsədilə dövlət proqramı çərçivəsində Bakı şəhəri Respublika Perinatal Mərkəzi, Elmi-Tədqiqat Pediatriya İnstitutu, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Respublika Uşaq Xəstəxanası və 3 nömrəli Şəhər klinik xəstəxanasının iştirakı ilə yenidoğulmuş körpələr və uşaqlar arasında anadangəlmə ürək qüsurlarının aşkarlanması məqsədilə xüsusi neonatal skrininq proqramına start verilib.

Skrininq proqramı zamanı qeyd edilən tibb müəssisələrində doğulan körpələrin anadangəlmə ürək qüsurlarına yoxlanması məqsədilə "skrininq nəbz oksimetriyası" və exokardioqrafiya aparılaraq, ürək qüsuru, xüsusilə də, kritik ürək qüsuru müəyyən edilmiş körpələrin konservativ və ya cərrahi müalicəsi üçün kardioloqlar, neonatoloqlar və kardiocərrahların nəzarəti altında müvafiq tədbirlər görülür.

"Rostropoviç-Vişnevskaya Fondu"nun Azərbaycan nümayəndəliyinin dəstəyi ilə beynəlxalq və milli mütəxəssislərin iştirakı ilə həyata keçirilən bu pilot skrininq proqramı çərçivəsində həmçinin neonatoloqlar, reanimatoloqlar, pediatrlar, uşaq kardioloqları və tibb bacıları üçün "Neonatal kardiologiya"ya dair mövzulara əsasən xüsusi təlim kurslarının təşkili də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi