"Günəşli" yatağında baş vermiş qəzada xəsarət alan neftçilərin son vəziyyəti açıqlanıb

"Günəşli" yatağında baş vermiş qəzada xəsarət alan neftçilərin son vəziyyəti açıqlanıb "Bəzilərini evə də yaza bilərik"
Sağlamlıq
10 Dekabr , 2015 10:03
Günəşli yatağında baş vermiş qəzada xəsarət alan neftçilərin son vəziyyəti açıqlanıb

Bakı. 10 dekabr. REPORT.AZ/ "Günəşli" yatağında baş vermiş qəzada xəsarət alan və hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan neftçilərin vəziyyətləri yaxşıdır". Bunu "Report"a açıqlamasında xəstəxananın baş direktoru Leyla Seyidbəyli deyib.

Onun sözlərinə görə, xəstələrin səhhətində heç bir problem yoxdur: "Hətta bəzilərini evə də yaza bilərik. Lakin onları bir neçə gün də həkim nəzarəti altında saxlamaq istəyirik. Çünki onların psixoloji durumu narahatdır. Ancaq ümumilikdə götürdükdə səhhətində hər şey qaydasındadır. Bir azdan həkimlər yenidən xəstələrin ümumi vəziyyətləri ilə maraqlanacaq. Bundan sonra bu gün üçün evə buraxılması məsləhət görülən xəstələr haqqında qərar qəbul edilə bilər".

L. Seyidbəyli onu da qeyd edib ki, bu dəqiqəyə olan məlumata görə, evə buraxılan digər xəstələrdən poliklinikaya müraciət edən olmayıb: "Bəlkə də gün ərzində ola bilsin. Bu da onların keçirdiyi şokla bağlıdır. Bu da dəqiq deyil".

Qeyd edək ki, hazırda xəstəxanada 13 xəstənin müalicəsi davam edir.

Məlumat üçün bildirək ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfər neftçinin cəsədi aidiyyəti üzrə təhvil verilib, 23 nəfərin axtarışı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi