Məşhur kardioloq: "Ürək-damar xəstəliklərinə tutulmamaq üçün siqaretdən uzaq durmaq lazımdır"

Məşhur kardioloq: "Ürək-damar xəstəliklərinə tutulmamaq üçün siqaretdən uzaq durmaq lazımdır" "İki gündür Bakıda gəzirəm, burada gənc oğlanların təxminən yarısından çoxunun siqaret çəkdiyinin şahidi oldum"
Sağlamlıq
16 May , 2015 16:47
Məşhur kardioloq: Ürək-damar xəstəliklərinə tutulmamaq üçün siqaretdən uzaq durmaq lazımdır

Bakı. 16 may. REPORT.AZ/ "Bakıda sonuncu dəfə 12 il əvvəl olmuşam. O zamandan bu günə qədər həm paytaxtda, həm də səhiyyə sahəsində böyük inkişaflar olub. Bundan çox məmnun oldum və qürurlandım". "Report" xəbər verir ki, ABŞ-ın Klivlend xəstəxanasının kardiologiya şöbəsinin müdir müavini Murat Tuzcu jurnalistlərə açıqlamasında belə deyib.

O bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən kardioloqlar dünyanın hər yerində diaqnoz və müalicə üsulunda nailiyyətlərə imza ata biləcək səviyyədədirlər: "Buna görə də azərbaycanlılar rahat şəkildə öz səhhətlərini burdakı həkimlərə etibar edə bilərlər. Azərbaycanda 15 il əvvəl səhiyyənin vəziyyəti fərqli idi. O zaman burada bu qədər təcrübəli həkimlər, müasir xəstəxanalar yox idi. İndi isə burada ən müasir standartlara cavab verən xəstəxanalar fəaliyyət göstərir."

Ürək-damar xəstəliklərinin müalicəsində bir çox yeniliklərin olduğunu deyən M.Tuzcu əlavə edib ki, bu gün ən önəmlisi yüksək səviyyədə xidmət göstərməkdir: "Bu gün həyata keçirilən əməliyyatlarda daha kiçik kəsiklər edilərək bədənin nahiyələrində iz daha az qalır. Hətta çox çətin ürək əməliyyatları da artıq bu üsulla reallaşdırılır. Bundan başqa, artıq insanların ürək xəstəliklərinin genetik olması ilə bağlı araşdırmaları rahat şəkildə apara bilirik. Bu da yeni imkanlar açır".

M.Tuzcu vurğulayıb ki, ürək-damar xəstəliklərindən qorunmaq üçün 80 faiz şans var: "Bunun üçün ilk növbədə siqaretdən uzaq durmaq lazımdır. İki gündür Bakıda gəzirəm, lakin təəssüf ki, burada gənc oğlanların təxminən yarısından çoxunun siqaret çəkdiyinin şahidi oldum. Hətta xanımların da çəkdiyini gördüm. Digər tərəfdən, təbii meyvə və tərəvəzin bol olduğu məkanda hələ də yağlı və ət yeməklərinə üstünlük verilir. Ürək üçün yaxşı olmayan bir şey də tıxac və avtomobillərin sayının çoxluğudur. Bu da insanların piyada gəzməsi üçün maneədir. İnsanlar bütün bu məsələləri düzgün şəkildə həyata keçirsələr, o zaman bir çox xəstəliklərdən qorunmuş olarıq". 

Son xəbərlər

Orphus sistemi