Həkim: "Yeyinti məhsullarının rəngini dəyişdirmək üçün qatılan kimyəvi maddələr insan həyatı üçün təhlükəlidir"

Həkim: "Yeyinti məhsullarının rəngini dəyişdirmək üçün qatılan kimyəvi maddələr insan həyatı üçün təhlükəlidir" "Yoqurt məhsullarının tərkibinə mikrob qatılmasına nəzarət sistemi olmalıdır"
Sağlamlıq
11 Avqust , 2015 15:08
Həkim: Yeyinti məhsullarının rəngini dəyişdirmək üçün qatılan kimyəvi maddələr insan həyatı üçün təhlükəlidir

Bakı. 11 avqust. REPORT.AZ/ "Marketlərdə satışa çıxarılan yeyinti məhsullarına qida əlavələri qatılır. Bura rəng verən, dad verən, eləcə də saxlama müddətini artıran maddələr daxildir". Bunu "Report"a Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi profilaktika fakültəsinin dekanı Aydın Məmmədov deyib.

O bildirib ki, bəzi rəngverici maddələr bitki mənşəli qatqılardır. Bunun isə insan orqanizmi üçün heç bir qorxusu yoxdur: "Bundan başqa, rənglər digər vasitə kimi kimyəvi üsulla alınır. Bu azotlu maddələr bədənə daxil olub qana keçəndə bağırsaqlarda müəyyən çevrilmələrə məruz qalır. Bu da mədə-bağırsaq sistemində müəyyən problemlərə səbəb olur. Eyni zamanda, həmin maddələr qana sovrulanda azotlu maddələr qidanın müxtəlif tərkibi ilə birləşib zərərli maddəyə, hətta xərçəng törədən maddəyə çevrilə bilər. Bundan başqa, həmin azotlu maddələr hemoqlobinlə birləşib içəridə olan oksigeni qandan xaric edir. Beləliklə, eritrositlər oksigen daşımır və oksigenin miqdarı azalır.

Xüsusilə də uşaqlarda oksigen çatışmazlığı özünü tez büruzə verir. Oksigenə ən həssas hissə beyindir. Oksigen beyinə normal çatmayanda insan huşunu itirir. Həmçinin müəyyən xəstəliklərdən əziyyət çəkən yaşlı təbəqənin nümayəndələri, eləcə də süd verən analar bu sarıdan zərər görə bilər. Əsas məsələ rəngləyici maddələrin tərkibi və dozasının miqdarıdır. Bu baxımdan rəngləyici maddələr təbii mənşəli bitkilərdən alınıbsa, onda bunun qorxusu azdır, hətta demək olar ki, yox dərəcəsindədir".

Dekan onu da qeyd edib ki, yoqurt məhsullarının tərkibinə ya bağırsaqlara lazım olan müxtəlif mikrob, ya da həmin mikrobların işini aktivləşdirən maddələr qatılır: "Bu baxımdan həmin məhsullara nəzarət sistemi olmalıdır. Çünki həmin rəng qatqılarının kimyəvi və ya təbii mənşəli olduğunu bilmirik. Fikir vermək lazımdır ki, həmin məhsulların içərisində olan qatqıların dozası və miqdarı normasındadır, ya yox. Bunları araşdırmaq lazımdır ki, həmin yeyinti məhsulları insanların sağlamlığına ciddi mənfi təsir göstərməsin. Xaricdən gətirilən məhsul olsa belə, həmin maddələr üçün gigiyenik normalara uyğun olmasına görə sertifikatlar verilməlidir. Yəni bu məhsulun sağlamlıq baxımından heç bir zərəri yoxdur".

Dondurmalara vurulan rəng qatqılarına gəlincə, Aydın Məmmədov əlavə edib ki, burada da təbii mənşəli rənglərə üstünlük verilməlidir: "Ən çox yay fəslində ehtiyac duyulan dondurmalardan ağ və qəhvəyi rənglərdə olan dondurmalara üstünlük verilməsi məsləhət görülür. Çünki bu tip dondurmaların tərkibində rəng qatqıları çox olmur, yəni insan orqanizmi üçün elə də təhlükəli deyil. Kimlərə dondurma çox yemək məsləhət görülməməsinə gəldikdə, deyə bilərəm ki, əgər insan şəkərli diabet xəstəliyindən əziyyət çəkirsə, ona gün ərzində çox dondurma yemək məsləhət görülmür. Çünki dondurmanın tərkibində şəkərin miqdarı çox olur. Bundan başqa, orqanizmdə şəkər mübadiləsi düzgün getməyənlərə də çox dondurma yemək düzgün deyil. Dondurmanın tərkibində qaymaq olduğundan, bu, həmin şəxslərdə müəyyən allergik reaksiyalar da verə bilər. Lakin sağlam insan üçün 100-200 qramlıq (maksimum 1-2 ədəd) dondurmanın ziyanı yoxdur. Bu da fasiləli şəkildə olmalıdır".

Şirin maddə qəbul edəndən sonra dişlərin yuyulmasının vacib olduğunu vurğulayan ATU-nun Tibbi profilaktika fakültəsinin dekanı qeyd edib ki, diş əti üzərində şəkərin qalığı sonradan parçalanıb orada turşular əmələ gətirir: "Həmin turşular da zamanla dişin emalını yeyir və diş ətinə də ziyan verir. Bu da müəyyən iltihabi xəstəliklərə səbəb olur. Ona görə də məsləhət görərdim ki, şirin nəsə yedikdən sonra mütləq diş yuyulmalıdır. Bu, təkcə şirin yeyinti məhsullarına yox, eləcə də digər yeyinti məhsullarına şamil edilir".

Azyaşlı uşaqlara çox dondurma yedizdirilməsini düzgün hesab etməyən həkim bildirib ki, balacaların orqanizmi dondurmanın tərkibində olan qatqıları düzgün həzm etməyə hələ hazır səviyyədə deyil: "Ona görə də uşaqlar üçün müəyyən tərkibli qida məhsulları istehsal olunur. Məsləhət görərdim ki, 1 yaşa qədər olan uşaqlar yalnız onlar üçün nəzərdə tutulan qidaları qəbul etsinlər". 

Son xəbərlər

Orphus sistemi