Həkim-terapevt: "Bəzi xəstəliklərdən əziyyət çəkənlərin oruc tutmaları risklidir"

Həkim-terapevt: "Bəzi xəstəliklərdən əziyyət çəkənlərin oruc tutmaları risklidir" "Orucu açarkən diqqət etmək lazımdır ki, normadan artıq qida qəbul edilməsin"
Sağlamlıq
18 İyun , 2015 12:06
Həkim-terapevt: Bəzi xəstəliklərdən əziyyət çəkənlərin oruc tutmaları risklidir

Bakı. 18 iyun. REPORT.AZ/ "İlk növbədə mədə xorası, mədə turşuluğu olan xəstələr üçün oruc tutmaq əks göstərişdir. Çünki oruc tutan zaman mədə turşuluğu arta bilər". Bunu "Report"a həkim-terapevt Adil Əliyev deyib.

O bildirib ki, qan azlığı olan, hemoqlabini normadan aşağı olan adamlar gün ərzində yaxşı qidalanmalıdırlar, bu səbəbdən də həmin şəxslər oruc tuta bilməz: "Həmçinin təzyiqi, şəkəri normadan aşağı olan insanlar oruc tutmamalıdır. Piylənmə problemi olan adamlara da oruc tutmaq məsləhət deyil. Bu insanların aclığa dözümü olmur. Çünki onlar həmişə qidanı çox qəbul edirlər, qəfildən yeməyi kəsmək sağlamlıqlarına ziyan vura bilər".

Həkim qeyd edib ki, iftar zamanı qısa vaxt ərzində bir neçə dəfə qida qəbul etdikdə bu, tam həzm olunmur: "Belə olanda piy təbəqəsi artır. Bu səbəbdən də orucluq vaxtı bir çox adamlar arıqlamaq əvəzinə kökəlir".

A.Əliyev deyib ki, bəzi insanlar səhhəti ilə əlaqədar mütləq dərman qəbul etməlidirlər: "Elə dərmanlar var ki, sutkada bir dəfə qəbul edilir. Məsələn, şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər insulin qəbul etməmişdən əvvəl mütləq qida qəbul etməlidirlər. Yaxud mədə və onikibarmaq bağırsağında yara olanlara vaxtaşırı dərmanlar qəbul etmək göstərişi varsa, onlar qidalandıqdan sonra dərman atmalıdırlar. Bu xəstəliklərdən əziyyət çəkənlərin oruc tutmaları risklidir. Həmin şəxslər oruc tutarlarsa, 2-3 gün ərzində həkimə müraciət etmələri mütləqdir".

Onun sözlərinə görə, endokrinoloji xəstəliyi, məsələn zobu (boğaz uru) olan şəxslər isə çox ehtiyatlı olmalıdırlar: "Zobu olan şəxsdə maddələr mübadiləsi normadan artıqdır. Bu insanlar susuzluğa, yemək qəbuluna çox həssasdırlar".

Həkim bildirib ki, bu il Ramazan ayının yay fəslinə düşməsi oruc tutanların daha uzun müddət ac qalmasına səbəb olacaq: "Bu müddət ərzində ac qalmağın heç bir ziyanı yoxdur, amma suyun qəbul olunmaması çətinliklər yarada bilər".

Həkim-terapevt deyib ki, aclığın fəsadları özünü yorğunluq kimi büruzə verə bilər: "Aclıq insanlara psixoloji, fizioloji, mənəvi təsir edir".

Həkim qeyd edib ki, orqanizmlər fərqli olduğundan, konkret kimin oruc tuta bilib-bilməyəcəyi barədə fikir söyləmək doğru deyil.

"Orucu açarkən diqqət etmək lazımdır ki, normadan artıq qida qəbul edilməsin. Bu, sağlamlığa ziyandır. İftarı çay, su, xurma ilə açmaq məsləhətdir. Sonra sulu yemək qəbul etmək lazımdır. İftar quru yeməklə başlanılsa, bu, mədə ağrılarına səbəb ola bilər. İstənilən halda yeməyi fasilələrlə qəbul etmək lazımdır. İftar vaxtı susuzluq yaradan qidalar qəbul edilməməlidir. Həmçinin, oruclu şəxsin ağır işlər görməsi, günün altında çox gəzməsi məsləhət deyil".

Qeyd edək ki, bu gündən Azərbaycanda Ramazan ayı başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fətvasına əsasən, Ramazan ayının 1-i miladi təqvimlə iyunun 18-nə təsadüf edir. Eydül-Fitr – Ramazan bayramı isə şəvval ayının 1-i, yəni iyul ayının 18-nə düşür və həmin gün bayram namazı qılınacaq.

Son xəbərlər

Orphus sistemi