Azərbaycanın baş pediatrı: "Hazırda ölkədə uşaqlar arasında qrip virusu müşahidə olunmur"

Azərbaycanın baş pediatrı: "Hazırda ölkədə uşaqlar arasında qrip virusu müşahidə olunmur" Havalar soyuyanda uşaqlar arasında adətən mövsümi xəstəliklərə rast gəlinir
Sağlamlıq
16 Noyabr , 2015 10:42
Azərbaycanın baş pediatrı: Hazırda ölkədə uşaqlar arasında qrip virusu müşahidə olunmur

Bakı. 16 noyabr. REPORT.AZ/ "Hazırda Azərbaycanda uşaqlar arasında qrip virusu müşahidə olunmur. Yəni, bu gün ölkədə klassik qrip virusu yoxdur". Bunu "Report"a Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib.

Baş pediatr qeyd edib ki, havalar soyuyanda uşaqlar arasında adətən mövsümi xəstəliklərə rast gəlinir: "Mövsümlə əlaqədar rotavirus, adenovirus və rinaviruslara rast gəlinə bilər. Bu viruslar da yüzlərlə, hətta minlərlə ola bilər. Ancaq ümumilikdə götürdükdə, respublikada heç bir epidemioloji vəziyyət qeydə alınmayıb. Ona görə də narahatçılığa heç bir əsas yoxdur. Sadəcə, uşaqları soyuqdəymə xəstəliyindən qorumaq lazımdır. Bunun üçün valideynlər soyuq aylarda övladlarına qarşı daha diqqətli olmalıdır".

N.Quliyev onu da qeyd edib ki, valideynlər soyuq aylarda uşaqların həm geyiminə, həm də qidalanmasına fikir verməlidir: "Burada məktəblər və uşaq bağçalarının da rolu böyükdür. Uşaq xəstələnəndə onu evdə saxlamalı, yaxud evə həkim çağırılmalıdır. Eyni zamanda, xəstə uşağı məktəbə və ya uşaq bağçasına göndərmək olmaz. Çünki belə olan halda başqa uşaqlar da xəstəliyə yoluxmuş olur. Ona görə də, məhz payız və qış fəslində valideynlər diqqətli olmalıdır".

Planlı peyvənd vurulmasının mövsümü olması ilə bağlı deyilənlərə aydınlıq gətirən institut direktoru əlavə edib ki, belə yanaşma düzgün deyil: "Peyvəndin vurulması üçün hər bir uşağın öz təqvimi var. Bu da uşağın yaşı ilə, yəni doğulduğu zamanla ölçülür. Misal olaraq, uşaq may ayında doğulubsa, onun peyvəndi yaşına uyğun başlanır. Yəni, bunun mövsümə aidiyyəti yoxdur".

O, həmçinin bildirib ki, gələn ilin yanvar ayından Azərbaycanda tətbiqi planlaşdırılan inaktivləşdirilmiş polimelit peyvəndi tam zərərsizdir: "Çünki bu peyvənd dünyada ikinci tip polevirusların kökünün kəsilməsi istiqamətində atılan mühüm tədbirlər çərçivəsində həyata keçirilir". 

Son xəbərlər

Orphus sistemi