Bakıda eşitmə qabiliyyəti olmayan 3 körpə əməliyyat olunub - FOTO

Bakıda eşitmə qabiliyyəti olmayan 3 körpə əməliyyat olunub - FOTO ATU-da "Koxlear implantasiya" əməliyyatı icra edilib
Sağlamlıq
5 İyun , 2015 14:40
Bakıda eşitmə qabiliyyəti olmayan 3 körpə əməliyyat olunub - FOTO

Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında "Daxili qulağın protezləşməsi" əməliyyatlarının icrasına başlanılıb. Bu barədə "Report"a ATU-dan məlumat verilib.

Həmin əməliyyatın köməyi ilə anadangəlmə eşitmə qabiliyyəti heç olmayan uşaqların eşitməsi bərpa olunur. Tədris Cərrahiyyə Klinikasında 3 yaşlı Səadət və 4 yaşlı Ömərin üzərində aparılan əməliyyat uğurla nəticələnib. Bu gün isə artıq 2 yaş 2 aylıq İbrahim əməliyyata alınıb.

Əməliyyatlar Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Qulaq-burun-boğaz şöbəsinin müdiri, mütəxəssis həkim Yusif Hacıyevin rəhbərliyi və iştirakı ilə aparılıb.

Yusif Hacıyevin sözlərinə görə, "Daxili qulağın protezləşməsi" əməliyyatlarının anadangəlmə, tam eşitmə qabiliyyəti olmayan uşaqların eşitmə qabiliyyətlərini bərpası məqsədilə aparılır: "ATU-nun Tədris Cərrahiyyə Klinikası bu əməliyyatların həyata keçirilməsi üçün hər cür şərait və avadanlıqla təchiz olunub. Xəstələrin vəziyyəti həm əməliyyat öncəsi, həm əməliyyat icrası baxımından dəyərləndirilir. Bununla əlaqədar, klinikada yüksək ixtisaslı həkimlərdən ibarət böyük bir komanda fəaliyyət göstərməkdədir. Bu əməliyyatların uğurlu keçməsi tək bir cərrahın deyil, böyük komandamızın yüksək səviyyəli işinin nəticəsidir".

Y.Hacıyev bildirir ki, eşitməsində anadangəlmə problem olan, qətiyyən eşitməyən uşaqlarla bağlı hər kəs ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edə bilər: "Həkim belə problemi olan uşaqları mümkün qədər tez həkimə müraciət etməyi məsləhət görür. Çünki belə əməliyyatların 4 yaşa qədər icrası məsləhətdir. Həmçinin əvvəllər eşidib-danışan, lakin sonradan bu qabiliyyətini itirən xəstələrə də bu əməliyyatı tətbiq etmək mümkündür".

Son xəbərlər

Orphus sistemi