Əhliman Əmirasanov: "Yüksək ixtisaslı mütəxəssislərə xüsusi ehtiyac var"

Əhliman Əmirasanov: "Yüksək ixtisaslı mütəxəssislərə xüsusi ehtiyac var" Azərbaycan Tibb Universitetində beynəlxalq elmi konfrans keçirilib
Sağlamlıq
10 Aprel , 2015 20:31
Əhliman Əmirasanov: Yüksək ixtisaslı mütəxəssislərə xüsusi ehtiyac var

Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Tibb Universitetində (ATU) "Dayaq-hərəkət sistemi xəstəliklərinin cərrahi və bərpa yolu ilə müasir müalicəsi" mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. "Report" xəbər verir ki, konfransda çıxış edən ATU-nun rektoru Əhliman Əmiraslanov bildirib ki, istər cərrahi xəstəliklər olsun, istərsə də digər xəstəliklərin müalicəsində daha uğurlu nəticə əldə etmək üçün sonrakı mərhələdə aparılan bərpa müalicəsinin böyük önəmi var.

Rektor ölkədə reabilitasiya, yəni bərpa müalicəsi sahəsində yüksək ixtisaslı mütəxəssislərə xüsusi ehtiyac olduğunu qeyd edib: "Məhz bu baxımdan bərpa müalicəsi sahəsində təcrübə mübadiləsinə böyük ehtiyac var. Həmin istiqamətdə artıq Azərbaycan Tibb Universiteti Türkiyənin "Romatem" şirkəti ilə qarşılıqlı əməkdaşlığa başlayıb. Bu qurumun rəhbəri Köksal bəy Holoğlu yalnız Türkiyədə deyil, ümumiyyətlə dünyada tanınmış bir insan, mütəxəssisdir. Onun başçılıq etdiyi onlarla klinika var. Odur ki, onların köməyindən istifadə edərək mütəxəssislərimizin fikir mübadiləsi aparmasına imkan yaratmaq məqsədilə belə bir konfransın keçirilməsinə qərar verdik".

Konfransda türkiyəli mütəxəssis, "Romatem" Fizioterapiya və Reabilitasiya Xəstəxanasının İdarə Heyətinin müdiri Köksal Holoğlu "Fizioterapiya və reabilitasiya sahəsində gündəlik problemlər" mövzusunda çıxış edib. O, belə bir görüşün təşkili üçün ATU rektoru Əhliman Əmiraslanova və digər həmkarlarına təşəkkürünü bildirib.

Daha sonra professor Sabir Etibarlının sədrliyi ilə sessiyalar işə başlayıb. Tədbir iştirakçıların suallarının ekspertlər tərəfindən cavablandırılması ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi