Reproduktiv sağlamlıqla bağlı qanunun qəbulu yenidən gündəmə gətirilə bilər

Reproduktiv sağlamlıqla bağlı qanunun qəbulu yenidən gündəmə gətirilə bilər Dövlət Komitəsinin nümayəndəsi: "Bu, boşanmaların, sonsuzluğun qarşısını alacaq"
Sağlamlıq
23 Aprel , 2015 10:49
Reproduktiv sağlamlıqla bağlı qanunun qəbulu yenidən gündəmə gətirilə bilər

Bakı. 23 aprel. REPORT.AZ/ "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanun layihəsi cəmiyyətdə böyük müzakirələrə səbəb oldu. Layihənin parlamentdə müzakirəsi zamanı müəyyən ziddiyyətli fikirlər yarandı. Belə bir qanunun qəbulunun əleyhinə çıxanlar əsas arqument kimi layihədə əksini tapan süni mayalanma, "surroqat ana" (öz uşaqlığında donor embrionu daşıyan, yaşı 18-dən 35-dək olan qadın) və cinsi toxumalar üzrə donorluq məsələlərinin milli mentalitetimizə zidd olduğunu göstərirlər. Buna görə də qanun qəbul olunmadı. Qanunun qəbulunun tərəfdarları isə hesab edirlər ki, bu, boşanmaların, sonsuzluğun qarşısını alacaq. Qanunun qəbulu məsələsi xüsusi diqqətdə saxlanılır". Bu barədə "Report"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

Onun sözlərinə görə, bu məsələyə birmənalı yanaşmaq mümkün deyil: "Bu məsələyə hər bir insanın özünün və müxtəlif dövlət qurumlarının fərqli yanaşması var. Çoxluq əleyhinə olduğuna görə qanun qəbul olunmadı. Müzakirələr getdi, mübahisələr oldu. Bu məsələdə bəzi məqamlar var ki, onu zamanın öhdəsinə buraxmalıyıq. Zaman o məsələni yetişdirməlidir".

Komitə nümayəndəsi bildirib ki, boşanmaların səbəblərindən biri də sonsuzluqdur: "Günümüzdə sonsuzluq təkcə qadınlar arasında deyil, həm də kişilər arasında yayılıb. Bunun kökü valideynin övladlarını kiçik yaşlarından etibarən vaxtı-vaxtında tibbi müayinədən keçirməməsi ilə bağlıdır. Baxmayaraq ki, Azərbaycan hökuməti uşaqların və əhalinin icbari dispanserizasiyadan keçirilməsi ilə bağlı böyük iş aparır. Bu barədə cənab Prezident İlham Əliyevin sərancamı ilə də Dövlət Proqramı təsdiq olunub. Lakin insanlar öz və uşaqlarının sağlamlığına o qədər də məsuliyyətlə yanaşmırlar. Bu isə bəzən xoşagəlməz nəticələrə gətirib çıxarır".  

Son xəbərlər

Orphus sistemi