Bakı. 1 iyun. REPORT.AZ/ "Bakı şəhəri, Binəqədi rayonunda baş verən yanğında xəsarət alan 33 yaralıdan 2 nəfəri hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicələrini davam etdirir. 6 nəfər isə ötən həftənin sonunda evə buraxılıb". Bu barədə "Report"a şöbənin müdiri Azər Maqsudov məlumat verib.
Onun sözlərinə görə, hazırda xəstəxanada olanlar natamam yanma, dəm qazı və tüstü ilə boğulma diaqnozu əsasında müalicə olunurlar: "Müalicəsi davam edən şəxslər 36 yaşlı Günay Məhərrəmova və 49 yaşlı Rəhilə Ələkbərovadır. Onların heç birinin həyatına təhlükə yoxdur. Rəhilə Ələkbərova günün ikinci yarısında evə buraxılacaq. Günay Məhərrəmovanın müalicəsi isə davam edir".
Şöbə müdiri bildirib ki, xəstəxanadan evə buraxılanlar qeydiyyatda olduqları ərazi üzrə sahə həkimlərinin nəzarəti altındadırlar. A.Maqsudov qeyd edib ki, bununla bağlı
Xatırladaq ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada yanğın baş verib. Nəticədə 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.