Bakıda körpə doğulan kimi əməliyyat olunub - FOTO

Bakıda körpə doğulan kimi əməliyyat olunub - FOTO Hazırda ATU-nun həkim briqadasının nəzarətində olan körpə tam sağlamdır
Sağlamlıq
11 Yanvar , 2016 09:33
Bakıda körpə doğulan kimi əməliyyat olunub - FOTO

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında hələ ana bətnində qastroşizis patologiyası aşkar edilən körpə qeysəriyyə üsulu ilə doğulub. ATU-nun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, körpə dünyaya gələn kimi onun bağırsağında əməliyyat aparılıb.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun sözlərinə görə, xəstə hamiləliyin ilk günündən sözügedən klinikada müayinə olunub. Hamiləliyin 8-ci həftəliyində ultrasəs müayinəsi (USM) zamanı qadında dölün ürək döyüntüsü normal izlənilib və o, müəyyən analizlər verib: “Daha sonra qadın bütün hamilələr kimi hər ay ardıcıl olaraq müayinələrə çağırılıb: "Növbəti ay baş tutan müayinə zamanı (hamiləliyin 12-ci həftəsində) belə bir patologiya aşkar edilib ki, ana bətnindəki körpənin bütün nazik bağırsağı və yoğun bağırsağın bir hissəsi vücuddan kənara çıxıb. Bu patologiyanın adı qastroşizisdir. Yəni, uşağın bağırsağı bədənindən çöldə, qarnının üstündədir. Adətən bağırsağın çölədönmə hərəkəti hamiləliyin 10-11-ci həftələrində bərpa olunur, bağırsaq içəri daxil olur. Lakin xəstədə bu proses baş verməyib.

Hamiləliyin 37-ci həftəsi tamamlandıqdan sonra qadının sancıları başlayıb. Qeysəriyyə əməliyyat hazırlığında 26 nəfərə yaxın tibbi personal iştirak etdi. Xəstə gecə saat 1-də əməliyyata alındı və əməliyyat 5-də tamamlanıb. Əməliyyatxanada ana bətnindən azad edilən körpə 1-2 saat özünə gəldikdən sonra uşaq cərrahlarının öhdəsinə verilib".

ATU-nun uşaq cərrahiyəsi şöbəsinin müdiri Ramiz Poluxovun sözlərinə görə, qastroşizis qarnın ön divarının inkişaf qüsurudur və yaranma səbəbi qarın divarının qidalanmasının pozulmasıdır: "Belə qüsurların, patologiyaların aşkarlanması üçün Azərbaycanda xəstəyə tam yardım göstərməsi mümkün olan klinikalardan biri də bizim Tədris Cərrahiyyə Klinikasıdır ki, burada həm mama-ginekoloji, həm cərrahi, həm də neonatoloji xidmət göstərilir. İlk olaraq xəstə təbii ki, bizim ginekoloqlara müraciət edib, müayinələr zamanı Turab doktor bu xəstədə qastroşizisin olduğunu müəyyənləşdirdi. Biz məsləhətləşdik və doğuşa qədər aparılmalı olan bütün manipulyasiyalar ginekoloqlarımız tərəfindən müvəffəqiyyətlə həyata keçirildi. Belə uşaqlar mütləq qeysəriyyə üsulu ilə doğulmalıdırlar".

R.Poluxovun bildirdiyinə görə, ana bətnində əməliyyat olunan uşaqda qastroşizisin ağır forması olub (ən böyük deffekt 4 sm sayılır) və doğulan kimi körpəyə neonatoloqlar tərəfindən yardım göstərilib: "Bütün çöldə olan orqanlar steril plyonkaya bükülüb və uşağın əməliyyat üçün hazırlanması gözlənilib. Burada əsas məqsəd o idi ki, orqanlar yerinə qaytarılsın, deffekt bərpa olunsun. Körpə üzərində əməliyyat uğurla keçirilib, heç bir fəsad baş verməyib".

Hazırda ATU-nun həkim briqadasının nəzarətində olan körpə tam sağlamdır. Uşağın qidalanması da tez bir zamanda bərpa olunub.

Son xəbərlər

Orphus sistemi