Azərbaycanda qiymətləri tənzimlənən dərman vasitələrinin sayı 9 850-yə çatıb

Azərbaycanda qiymətləri tənzimlənən dərman vasitələrinin sayı 9 850-yə çatıb ​Tarif Şurasının iclası keçirilib
Sağlamlıq
4 Avqust , 2016 19:02
Azərbaycanda qiymətləri tənzimlənən dərman vasitələrinin sayı 9 850-yə çatıb

Bakı. 4 avqust. REPORT.AZ/ Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. 

Şuranın Katibliyindən "Report"a bildirilib ki, yığıncaqda daha 219 dərman vasitəsinin qiyməti təsdiqlənib.

Ümumilikdə Tarif Şurası tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qeydiyyatda olan 9 850 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib.

Bunlardan 7 347 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır, digər 2 503 dərman vasitəsinin yeni qiymətləri isə bu ilin sentyabr ayının 1-dən qüvvəyə minəcək.

Beləliklə, 2016-cı il sentyabrın 1-dən etibarən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər.

Bununla da, bir il əvvəl başlanan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi intensiv şəkildə davam etdirilərək, Tarif (qiymət) Şurasının 10 iclası keçirilmiş, idxal dəyəri ilə ifadədə 44% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 25%-nin qiyməti 3 dəfədən çox, ümumilikdə 90%-dən çoxunun qiyməti endirilib.

Qərarlar və dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Şuranın qərarları” və “Dərman vasitələri” bölmələrində yerləşdirilmişdir (keçid: http://tariff.gov.az/documents/DVA.pdf).

Son xəbərlər

Orphus sistemi