Azərbaycanda nadir xəstəliyə tutulan uşaq xilas edilib - FOTO

Azərbaycanda nadir xəstəliyə tutulan uşaq xilas edilib - FOTO Hazırda xəstənin ümumi vəziyyəti stabildir, süni tənəffüs aparatından ayrılıb, aktiv qidalanır
Sağlamlıq
17 Mart , 2016 12:25
Azərbaycanda nadir xəstəliyə tutulan uşaq xilas edilib - FOTO

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Reanimasiya və İntensiv Terapiya Şöbəsinin həkimləri ağciyər xəstəliyi ilə ağır vəziyyətdə klinikaya gətirilən 7 yaşlı Aylin Bağırzadənin həyatını xilas ediblər. Bu barədə "Report"a ATU-nun mətbuat xidmətindən bildirilib. 

Hadisə barədə ətraflı məlumat verən Uşaq Reanimasiya Şöbəsinin həkimi L.Hüseynova bildirib ki, 7 yaşlı Aylin klinikaya gətirildiyi zaman çox ağır vəziyyətdə olub: "Gəldiyi zaman vəziyyətinin ağırlığı tənəffüs çatışmazlığı ilə əlaqədar idi. Yorğun, yuxuya meyilliyi və təngnəfəsliyi var idi. Ağciyərlərin rentgen şəkli çəkilib və ona ikitərəfli total atelektaz (ağciyərlərin büzüşməsi), ikitərəfli plevrit diaqnozu qoyulub. Plevrada (ağciyər kisəsi) - sol ağciyərdə 1200 ml, sağda isə 400 ml maye var idi. Arterial qanda oksigenin səviyyəsi 65% idi.

Tənəffüs çatışmazlığı əlamətləri ön planda olduğuna görə xəstə dərhal intubasiya olunaraq, süni tənəffüs aparatına qoşulub. İntubasiyada xəstənin müşahidəsi uzun müddət davam etdiyindən traxeostomiya icra olunub. Müayinə zamanı çox ciddi korreksiya olunmayan dərin respirator asidozunun olduğu da ortaya çıxıb. 

Aparılan müayinələr zamanı xəstədə hepatosplenomeqaliya (qaraciyər və dalağın böyüməsi), assit (qarın boşluğunda 600 ml maye), ciddi qaraciyər çatışmazlığı, mədə-bağırsaq qanamaları, aritmiyalar müşahidə olunub. Sol ağciyərdə 1200 ml maye olduğundan, toraks drenajı taxıldı və bu, 3 həftə saxlanıldı. Qanama riski olduğundan biz periodik olaraq uşağa plazma və qan köçürürdük".

Xəstənin bəlğəmində ikincili bakterial pnevmoniya törədicisi olan Stenotrophomonas maltiohila aşkar edildiyini vurğulayan həkim, bu bakteriyanın əksər antibiotiklərə qarşı davamlı olduğunu da bildirib: "Lakin müasir standartlara cavab verən mikrobioloji laboratoriyamızın sayəsində biz adekvat antibiotik preparatını seçə bildik və bu çətinliyin də öhdəsindən gəldik".

Əsasən antibotik terapiya, ağciyərlərin ventilyasiyasının müşahidəsi və simptomatik müalicələr aparıldığını söyləyən L.Hüseynova onu da bildirib ki, müalicələr zamanı müşahidə olunan hər bir xəstəliklə bağlı müxtəlif sahələrdən məsləhətçilər çağırılıb, vaxtında və yerində müdaxilələr aparılıb: "Xəstə klinikaya daxil olarkən biz onun ağciyərlərinin çəkilmiş rentgen şəklini tanınmış mütəxəssislərə də göstərdik. Onlar belə vəziyyətdə xəstələrin nadir hallarda sağ qaldığını bizə dedilər. Və sonda belə bir nəticəni əldə etməyimizin əsas səbəbini burdakı həkimlərin peşəkarlığı ilə əlaqələndirdilər.

Hazırda xəstənin ümumi vəziyyəti yaxşıdır. Reanimasiya və İntensiv Terapiya şöbəsində 37 günlük müşahidədən sonra hazırda xəstənin ümumi vəziyyəti stabildir, süni tənəffüsdən ayrılıb, aktiv qidalanır. Buna görə də onun evə aparılmasına icazə verdik".

Son xəbərlər

Orphus sistemi