Azərbaycanda apteklərlə bağlı yeni tələblər müəyyən olunub

Azərbaycanda apteklərlə bağlı yeni tələblər müəyyən olunub Yeni tələblərə əsasən, yalnız 1-ci kateqoriyaya aid olan apteklər həkim resepti əsasında dərmanların hazırlanmasını həyata keçirə biləcək
Sağlamlıq
15 Dekabr , 2015 16:38
Azərbaycanda apteklərlə bağlı yeni tələblər müəyyən olunub

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanda apteklərlə bağlı yeni tələblər müəyyən olunub.

Səhiyyə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin Analitik Ekspertiza Mərkəzinin yeni rəhbərliyinin göstərişi ilə "Etibarlı aptek təcrübəsi" və "Etibarlı distributor təcrübəsi" adlı yeni tələblərin hazırlanması üçün məsul şəxslər təyin edilib. 

Yeni tələblərin hazırlanması üçün "Dərman vasitələri haqqında" qanunun, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tələbləri və digər ölkələrin bu sahədə olan təcrübələrindən istifadə edilib.

Məlumata görə, Səhiyyə Nazirliyi aptek müəssisələrinin təsnifatında dəyişikliklər edib. Mövcud tələblərdən fərqli olaraq yeni tələblərdə 4 qrup aptek müəssisələri göstəriləcək. Yalnız 1-ci kateqoriyaya aid olan apteklər həkim resepti əsasında dərmanların hazırlanmasını həyata keçirə biləcək. Daha bir yenilik isə aptek müəssisələrində xəstəliklərin profilaktikasının təbliğatına və erkən simptomların aşkarlanmasına istiqamətlənmiş tədbirlərin keçirilməsi məqsədilə diaqnostik test üsullarından (qanda şəkərin miqdarı, bədən hərarətinin,arterial təzyiqin) istifadə edilməsidir. Hazırlanan yeni qaydalara əsasən aptek müəssisələri özəl klinikanın və topdan satış əczaçılıq müəssisəsinin nəzdində təşkil olunduqda inzibati-məişət sahələri (anbar otağından başqa) ümumi olmasına yol verilir.

Topdansatış əczaçılıq müəssisələrinin yaradılması və fəaliyyətini tənzimləmək məqsədilə hazırlanan yeni tələblərdə olan yeniliklər isə əczadeponun korroziyaya və kimyəvi təsirlərə davamlı olan xüsusi örtüklü metal konstruksiyalı stellajlarla təchiz edilməsidir. Hazırlanan tələblərə əsasən, topdansatış əczaçılıq müəssisəsinin minimal sahəsi 250 m2 olmalı, anbarda dərman preparatlarının saxlanma şəraitinə (temperatur, rütubət, işıqdan qorunma və s.) ciddi riayət edilməlidir.

Həm aptek, həm də topdansatış əczaçılıq müəssisələrində qanunvericiliklə müəyyən edilən sanitar-epidemioloji və yanğın əleyhinə normalara, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməlidir.

Nazirlikdən verilən məlumatda o da qeyd olunub ki, yeni tələblərin hazırlanması bitmək üzrədir. Tələblərin təsdiq edilməyə hazırlanması Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanovun ciddi nəzarəti altındadır.

Son xəbərlər

Orphus sistemi