Azərbaycan Prezidentinin tapşırığı ilə Xüsusi Tibb Xidmətinin həkim briqadası cəbhəyanı bölgədə olub

Azərbaycan Prezidentinin tapşırığı ilə Xüsusi Tibb Xidmətinin həkim briqadası cəbhəyanı bölgədə olub Akademik Cəmil Əliyev: "Döyüş bölgəsini 3 min nəfərdən çox erməni tərk edərək qaçıb"
Sağlamlıq
7 Aprel , 2016 17:33
Azərbaycan Prezidentinin tapşırığı ilə Xüsusi Tibb Xidmətinin həkim briqadası cəbhəyanı bölgədə olub

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyevin başçılığı ilə müxtəlif ixtisaslı mütəxəssislərdən ibarət böyük bir həkim briqadası yaralı əsgərlərimizi müayinə etmək, onlara tibbi və mənəvi dəstək göstərmək üçün Gəncə şəhərində olub.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın bu taleyüklü günlərində həkimlər Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmiş xəstələrlə görüşüb, onlara hərtərəfli tibbi yardım göstəriblər. Akademik Cəmil Əliyevin rəhbərlik etdiyi briqada cəbhə bölgəsində döyüşən əsgərlərimizə yardım olaraq özü ilə 300 min manatlıqdan çox dərman preparatı, sarğı materialları və digər zəruri ləvazimatlar gətirib.

Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyev deyib ki, aprelin 1-dən etibarən erməni silahlı qüvvələrinin Ermənistan-Azərbaycanın qoşunlarının təmas xəttində əsgərlərimizi və sərhəd bölgəsində yaşayan dinc əhalini fitnəkarlıqla ağır çaplı silahlardan atəşə tutması, mülki əhali arasında ölənlərin və yaralananların olması cəmiyyətimizdə böyük narazılıq və hiddət yaradıb: 

"Buna cavab olaraq, Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsi, bir neçə yaşayış məntəqəsini və strateji yüksəklikləri azad etməsi, erməni əsgərlərinin çaşqınlıq və vahimə içərisində döyüş meydanını qoyub biabırçılıqla qaçması ictimaiyyətdə böyük ruh yüksəkliyi, işğal altında olan torpaqlarımızın tezliklə düşməndən təmizlənəcəyinə çox böyük inam yaratdı, hamıda sonsuz sevinc doğurdu. Hətta bizim xəstəxanada baş çəkdiyimiz, yardım etdiyimiz yaralıların demək olar hamısının tezliklə sağalaraq yenidən döyüşə atılmaq istədiyini görmək nə qədər xoş və qürurverici idi! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığını yerinə yetirərkən bir daha əmin olduq ki, xalq öz rəhbəri, öz ordusu və öz övladları ilə birlikdədir və həmişə də birlikdə olacaq.

Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə çox böyük zərbə endirdi, onun döyüş ruhunu birdəfəlik sındırdı. Son məlumatlara görə, döyüş bölgəsini 3 min nəfərdən çox erməni tərk edərək qaçıb. Dövlətimiz növbəti dəfə sülhsevərlik nümunəsi göstərərək atəşkəs elan edib. Ermənilərə yüksək səviyyədə xəbərdarlıq edilmişdir ki, yenidən fitnəkarlığa əl atsalar, onda daha sarsıdıcı məğlubiyyətlərlə üzləşəcəklər. Biz ordumuza ürəkdən inanır və onunla fəxr edirik!"

Akademik Cəmil Əliyev onu da vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin kollektivi hər zaman ordumuzun yanındadır və Silahlı Qüvvələrin bütün qoşun növlərinin hissələrinə, əsgərlərinə daim tibbi yardım göstərməyə hazırdır. Bu ənənə gələcəkdə də birmənalı şəkildə davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi