Azərbaycan Endouroloji Dərnəyi yaradılır

Azərbaycan Endouroloji Dərnəyi yaradılır Bununla bağlı qarşılıqlı memorandum imzalanması haqda razılıq əldə olunub
Sağlamlıq
9 İyun , 2015 14:27
Azərbaycan Endouroloji Dərnəyi yaradılır

Bakı. 9 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanov Türkiyənin TürkUrolap dərnəyinin yaradıcısı Yaşar Ozgok ilə görüşüb. ATU-dan "Report"a verilən xəbərə görə, görüş zamanı universitetdə keçirilən beynəlxalq laparoskopik urologiya kursunun nəticələri, həmçinin ATU ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

Yaşar Ozgok bildirib ki, bu günlərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında 32-ci beynəlxalq laparoskopik urologiya kursuna start verilib.

TİKA-nın dəstəyi sayəsində bütün Avropada qəbul edilən belə bir kursun bu dəfə ATU-da keçirilməsindən çox razı qaldığını bildirən Yaşar Ozgok Tibb Universiteti ilə əməkdaşlığa yol açacaq daha bir təkliflə də çıxış edib: "Bu klinikada Azərbaycan Endouroloji Dərnəyinin yaradılmasını istərdik. Bu dərnək bizim əməkdaşlığın daha da dərinləşməsinə, həmçinin ATU-nun əlaqələrinin daha da genişlənməsinə, universitetin Avropada daha çox tanınmasına səbəb olacaq".

ATU-nun rektoru Əhliman Əmiraslanov da bu təklifi müsbət qarşılayaraq belə bir dərnəyin yaradılmasının hər iki tərəfə böyük fayda verəcəyini deyib. O, Azərbaycan Endouroloji Dərnəyinin yaradılması üçün tələb olunan hər bir fəaliyyətə hazır olduqlarını açıqlayıb.

Görüşün sonunda ATU-nun nəzdində Azərbaycan Endouroloji Dərnəyinin yaradılması ilə bağlı qarşılıqlı memorandum imzalanması haqda razılıq əldə olunub.

Qeyd edək ki, TurkUrolap dərnəyi laparoskopik urologiya sahəsində dünyanın bir çox ölkəsində təlim kursları keçirir. Növbəti 32-ci beynəlxalq tətbiqi laparoskopik urologiya kursu iyunun 8-9-da ATU-nun urologiya kafedrası ilə birlikdə universitetinin Tədris Cərrahiyyə Klinikasında keçirilib. Kursda nəzəri və praktik laparoskopik vərdişlər tətbiq edilib. Tədbirdə 7-si Sudandan olmaqla, ümumilikdə 20 həkim, 10 tibb bacısına təlim keçirilib. Kursun sonunda Avropa Uroloqlar Assosiasiyasının beynəlxalq E-BLUS sertifikatı üçün imtahan da keçiriləcək. Kursun prezidentləri Türkiyə tərəfdən TürkUrolap dərnəyinin yaradıcısı Yaşar Ozgok, Azərbaycan tərəfdən ATU-nun urologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Südeyf İmamverdiyevdir.

Son xəbərlər

Orphus sistemi