ATU-nun Tədris Cərrahiyyə Klinikasında orqan transplantasiyası şöbəsi açılacaq

ATU-nun Tədris Cərrahiyyə Klinikasında orqan transplantasiyası şöbəsi açılacaq ​Tibb Universitetində “Orqan transplantasiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Sağlamlıq
13 Fevral , 2015 16:49
ATU-nun Tədris Cərrahiyyə Klinikasında orqan transplantasiyası şöbəsi açılacaq

Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Orqan transplantasiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. 

"Report" xəbər verir ki, Türkiyənin İnönü Universiteti (Malatya) və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda transplantasiya sahəsində hər iki ölkənin mütəxəssisləri, gənc alimlər və rezidentlər iştirak ediblər.

ATU-nun rektoru Əhliman Əmiraslanov konfransı açaraq bildirib ki, son dövrlər ölkədə orqan köçürülməsi uğurla inkişaf edir: "Artıq Azərbaycanda orqan transplantasiyası aparan bir neçə klinikalar mövcuddur və bu istiqamətdə çox uğurlu addımlar atılır. Bu səbəbdən də belə bir konfransı keçirmək qərarına gəldik. Azərbaycanda orqan tranplantasiyası əməliyyatlarının sayı ilbəil artır. Azərbaycanda orqan transplantasiyası əməliyyatlarında əsasən canlıdan canlıya qaraciyər, böyrək köçürülür. Təəssüf ki, ağciyər köçürülməsi əməliyyatını hələ həyata keçirməmişik. Amma bu bizim hədəfimizdir. Yaxın bir zamanda yəqin buna da nail olacağıq".

O, həmçinin deyib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında da orqan transplantasiyası şöbəsinin açılması nəzərdə tutulur.

ATU-nun Türkiyənin bir çox universitetləri ilə sıx əlaqələrindən söhbət açan rektor Əhliman Əmiraslanov onların sırasında İnönü və Başkent universitetlərinin də olduğunu bildirib.

Daha sonra tədbir məruzulərlə davam edib. Türkiyəli alim Sezayi Yılmaz “Dünyada və Türkiyədə canlıdan qaraciyər transplantasiyası”, professor Cüneyt Kayaalp “Meyitdən qaraciyər transplantasiyası”, dosent Burak İşık “Hepatosellulyar karsinomalar zamanı qaraciyər köçürülməsi”, professor Adnan Saray “Ağciyər transplantasiyası”, dosent Turqut Pişkin “Böyrək transplantasiyası” mövzusunda çıxış ediblər.

Azərbaycanlı alimlər isə öz məruzələrində ölkədə bu sahədəki vəziyyətlə bağlı məlumat veriblər. Professor Nuru Bayramov, assistent Ruslan Məmmədov Azərbaycanda canlıdan qaraciyər transplantasiyası sahəsində mövcud problemlərdən söz açıblar.

Konfransda həmçinin orqan transplantasiyasında infeksiya, anesteziya, transplantasiya olunan xəstələrdə virus hepatitləri barədə məruzələr səsləndirilib. Ümumilikdə mütəxəssislər dünyada, həmçinin Türkiyədə və Azərbaycanda orqan köçürülməsinin müasir problemləri barədə fikir mübadiləsi aparıblar. 

Son xəbərlər

Orphus sistemi