Ali təhsilli qadınlar zorakılığa daha az məruz qalır

Ali təhsilli qadınlar zorakılığa daha az məruz qalır Əksər qadınlar onlara fiziki təsir göstərən və cinsi əlaqəyə məcbur edən insanla birgə yaşamaqda davam edir
Sağlamlıq
29 Yanvar , 2015 17:38
Ali təhsilli qadınlar zorakılığa daha az məruz qalır

Bakı. 29 yanvar. REPORT.AZ/ "Ailədə qadının qərarvermədə iştirakı birbaşa olaraq onun təhsil səviyyəsindən asılı olur. Belə ki, orta ixtisas təhsili olan qadınların qərarvermədə iştirakı 81 faiz təşkil edib. Tibbi xidmətlərlə bağlı qərarvermədə əsasən orta ixtisas (90,5%) və ali təhsili (83,3%) olan qadınların iştirakı digər kateqoriyalarla müqayisədə daha yüksəkdir". "Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycanda qadınlara qarşı məişət zorakılığının xüsusiyyət və səbəblərinin araşdırılması üzrə sorğusunun yekun hesabatında bildirilir.

Hesabatda o da qeyd olunub ki, həyat yoldaşı tərəfindən zorakılıq və ya günahlandırılma faktları digər kateqoriyalarla müqayisədə ali təhsilli qadınlara qarşı daha azdır və bu göstərici 42,9% təşkil edib: “İbtidai təhsili olan və heç təhsili olmayan qadınlar təhqir edilməyə daha çox məruz qalırlar. Ailədə mübahisələrə səbəb olan şəxslər qadınların həyat yoldaşları, əsas səbəbi maddi problemlərin mövcudluğudur. Qadınların daha çox fiziki zorakılığa məruz qalmaları məlum olub. Qadınların çox az faizi fiziki və ya cinsi zorakılığa məruz qaldıqda kömək məqsədilə kimə isə müraciət edib. Respondentlərin əksəriyyəti onlara fiziki təsir göstərən və cinsi əlaqəyə məcbur edən insanla birgə yaşamaqda davam edir. Qadınların məlumatlılığının aşağı səviyyədə olması, erkən yaşda nikah qurduqlarını nəzərə alaraq bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac duyulur".

Xatırladaq ki, sorğuya keçən ilin noyabrında start verilib. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində Lənkəran, Şəmkir, Füzuli və Beyləqanda tibb müəssisələrinə müraciət edən qadınlar arasında sorğu həyata keçirilib. Sorğuda 18 yaşdan yuxarı evli və ya nə vaxtsa evli olmuş 400 qadın iştirak edib.

Qeyd edək ki, sorğu Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələrinin iştirakı ilə keçirilib. 

Son xəbərlər

Orphus sistemi