Yerevanda silahlı qruplaşma təcili-tibbi yardım həkimlərini girov götürüb

Yerevanda silahlı qruplaşma təcili-tibbi yardım həkimlərini girov götürüb Ermənistan hüquq-mühafizə orqanları hazırda onların azad edilməsi üzrə danışıqlar aparır
Region
27 İyul , 2016 12:08
Yerevanda silahlı qruplaşma təcili-tibbi yardım həkimlərini girov götürüb

Bakı. 27 iyul. REPORT.AZ/ Yerevanda post-patrul xidməti alayının binasını ələ keçirən silahlı qruplaşmanın üzvləri polislə atışma nəticəsində yaralanan üzvlərinə tibbi yardım göstərmək məqsədilə binaya gələn təcili-tibbi yardım həkimlərini girov götürüb.

"Report" "Sputnik-Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Aşot Aqaronyan məlumat verib.

"Ötən gecə silahlı qruplaşmanın ələ keçirdiyi polis bölməsi binasında iki yaralı olduğu haqda məlumat verilmişdi. Qruplaşma üzvləri polisin onlara yardım göstərilməsiylə bağlı təklifini rədd edib. Yaralıları xəstəxanaya çatdırmaq çağırışını onların qohumları da edib. Hüquq-mühafizə orqanları bütün lazımi şəraiti yaradıb. Amma təcili-tibbi yardım həkimləri olay yerinə gələndə silahlı şəxslər onları girov götürüb", - A.Aqaronyan "Facebook" səhifəsində yazıb.

Ermənistan hüquq-mühafizə orqanları hazırda onların azad edilməsi üzrə danışıqlar aparır.

Xatırladaq ki, iyulun 17-də silahlı qruplaşma Yerevanda polis binasını ələ keçirib. Binanın ələ keçirilməsi zamanı qruplaşma üzvləri bir polisi qətlə yetirib, dörd nəfəri yaralayıb. Onlar Ermənistan "Təsis parlamenti" müxalifəti təşkilatının koordinatoru, qanunsuz silah əldə etmə və saxlamaq maddələri üzrə ittiham edilərək həbs edilən Jirayr Sefilyanın azad edilməsini tələb edir. Bundan başqa, silahlı qruplaşmanın üzvləri prezident və hökumətin istefasını tələb edirlər. İyulun 23-də onlar bütün girovları azad etsələr də, binaya nəzarəti əllərində saxlayırlar.

Son xəbərlər

Orphus sistemi