Bakı. 17 sentyabr. REPORT.AZ/ Ukrayna Rusiyanın 400-ə yaxın fiziki, yüzdən çox hüquqi şəxsinə sanksiya tətbiq edib.
"Report" BBC-yə istinadən xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenko sanksiyanın qüvvəyə minməsi haqda fərman imzalayıb.
O bildirib ki, bu qərar Krımın ilhaqı və Ukraynanın şərqindəki təcavüzkarlığa Avropa İttifaqı, ABŞ və başqa dövlətlərdəki müttəfiqlərinin əlaqələndirilmiş cavabıdır.
Məlumata görə, sanksiyaya məruz qalan fiziki şəxslər arasında Rusiya, Ukrayna, İsrail, bir sıra Avropa dövlətlərinin vətəndaşları və Ukraynanın şərqindəki separatçıların liderlərinin də adları var. Bütövlükdə sanksiya 388 nəfərə, 105 şirkətə tətbiq edilib.
Rusiyanın rəsmi şəxslərindən müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəsisi Valeri Gerasimov, Hərbi Desant Qoşunun komandanı Vladimir Şamanov, Dumanın sədri Sergey Narışkin,
Rusiya Elmlər Akademiyasının akademiki Sergey Qlazev, müğənni İosif Kobzon, akademik Viktor Pivovarov, akrtisa Valentina Teliçkinə də sanksiya tətbiq olunub.
Rusiya şirkətlərindən "Aeroflot", "Severstal", "Donavia", "Almaz - Antey", banklardan "Bank Moskva", "Rossiya", "AK BARS", telekanallardan "NTV", "Pervıy kanal", "RTR-Planeta", "Rossiya-24", jurnalistlərdən "Rossiya seqodnya"nın baş direktoru Dmitri Kiselyov, "Krasnaya zvezda" holdinqinin başçısı Aleksey Pimanovun da adı sanksiya siyahısına daxil edilib.