Bakı. 29 aprel. REPORT.AZ/ Ukraynanın şərqində silahlı münaqişədə 9 min 333 nəfər həlak olub.
"Report" "Associated press"ə istinadən xəbər verir ki, bunu BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Taye-Bruk Zerixun bildirib.
Onun sözlərinə görə, 2014-cü ilin aprelindən Ukraynanın şərqində başlayan silahlı münaqişə nəticəsində 9 min 333 nəfər həlak olub, 21 min 396 nəfər isə yaralanıb.
BMT təmsilçisi bildirib ki, son zamanlar münaqişə bölgəsində döyüşlər intensivləşərək, 2014-cü ilin avqustundakı səviyyəyə çatıb.
BMT-nin münaqişəyə həsr edilən iclasında Rusiya və Ukrayna tərəfləri bir-birini Minsk razılaşmasını pozmaqda ittiham edib.
Ukraynanın BMT-dəki təmsilçisi Vadim Pristayko deyib ki, hibrid müharibə aparmaq məqsədi ilə Rusiya Ukraynanın Donbas vilayətinə 34 minlik qoşun cəmləyib.
Rusiyanın BMT-dəki təmsilçisi Vitali Çurkin isə "neytral əraziləri" Ukraynanın "işğal etdiyini" söyləyib.