Bakı. 15 aprel. REPORT.AZ/ Erməni "soyqırımı" haqqında qanun layihəsinin Ali Radanın gündəliyinə daxil edilməsi cəhdi rəsmi Kiyevin mövqeyi deyil. Bu barədə "Report"a Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Milşenko bildirib.
"Həqiqətən də, parlamentin deputatı Barvinenko belə qanun layihəsinin müzakirə olunması təşəbbüsünü irəli sürüb", - səfir əlavə edib ki, həmin deputat müstəqil namizəd kimi seçilib və bu gün Radada "Vozrojdeniye" deputat qrupunu təmsil edir.
Onun sözlərinə görə, belə təşəbbüslər Ali Radada vaxtaşırı olaraq irəli sürülür, çünki Ukraynada böyük erməni icması yaşayır.
"Təbii ki, erməni diasporunun dəstəklədiyi deputatlar vasitəsilə icmanın marağında olan qərarların qəbul edilməsi cəhdləri edilir. Demək istəyirəm ki, deputat özü və onun təmsil etdiyi qrup Ukraynada həlledici siyasi qüvvə deyil. Və bu rəsmi Kiyevin mövqeyi deyil", - diplomat vurğulayıb.
O bildirib ki, bu qanun layihəsinin irəli sürülməsi cəhdləri əvvəlki illərdə də parlamentdə müsbət bir nəticə verməyib.
"Ukrayna demokratik ölkədir, bizim deputatlar öz təkliflərini irəli sürə bilər, lakin son qərar Ukrayna Ali Radasında səs çoxluğu ilə qəbul edilir", - A.Mişenko deyib.
Xatırladaq ki, aprelin 3-də Ali Radada qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı qətnamə layihəsi qeydə alınıb.