Bakı. 14 fevral. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko bu ilin birinci yarısında Türkmənistana səfər edəcək. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyindən bildirilib.
Qurumdan verilən məlumata görə, Ukrayna Xarici işlər nazirinin müşaviri Viktor Mayko Aşqabadda Türkmənistan xarici işlər naziri Rəşid Meredovla görüşüb. Görüş zamanı tərəflər beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də siyasi, mədəni-humanitar və aqrar sənaye sahələrində ikitərəfli münasibətləri müzakirə ediblər.
"Danışıqlar zamanı Ukrayna prezidentinin bu ilin birinci yarısında Türkmənistana gözlənilən səfəri ilə bağlı məsələlər müzakirə olunub", - XİN-in məlumatında deyilir.
Türkmənistan XİN Ukrayna tərəfini Bitərəflik və Sülh İli münasibətilə Aşqabadda keçiriləcək tədbirlərə dəvət edib.