Bakı. 3 fevral. REPORT.AZ/ Suriyanın Cerablus bölgəsindən atıldığı ehtimal edilən iki top mərmisi Türkiyənin Karkamış rayonu bələdiyyəsinin yerləşdiyi binanın və Çakıroğlu jandarm şöbəsinin yaxınlığına düşüb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, topları terrorçu İŞİD qruplaşmasının silahlıları atıb. Türkiyə hərbçiləri cavab atəşi açıb. Karkamış bölgəsi müvəqqəti olaraq boşaldılıb.
Suriyanın Hələb əyalətinin Cerablus rayonu İŞİD-in nəzarəti altındadır.
Qeyd edək ki, 16 gündür türk hərbçiləri Suriyanın Türkiyə ilə sərhədboyu ərazilərini minadan təmizləyirlər. Ötən gün Türkiyə hərbçiləri atəşə məruz qalıb.