Bakı. 18 iyul. REPORT.AZ/ "Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin qarşısını alarkən 208 nəfər həlak olub, 1491 nəfər yaralanıb".
"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.
Onun sözlərinə görə, həlak olanlardan 60 nəfəri polis əməkdaşı, 3-ü hərbçi, 145-i isə mülki vətəndaşdır.
B.Yıldırım deyib ki, hazırda 7543 nəfər saxlanıb: "Bunlardan 100-ü polis əməkdaşı, 6038 hərbçi, 750 hakim və prokuror, 650 mülki vətəndaşdır. Onlardan 316 nəfəri həbs edilib".
Baş nazir vurğulayıb ki, hərbi çevrilişə cəhd göstərənlərdən 24 nəfəri ölü, 50-si yaralı olaraq ələ keçirilib.
B.Yıldırım qeyd edib ki, 2 745 hakim və prokuror vəzifəsindən kənarlaşdırılıb, 1 500-ə yaxın vəzifəli şəxsin işdən çıxarılması üçün prosedur başlayıb.